Ümid edirəm ki, yaxın gələcəkdə "Xankəndi" təmsilçisinin də Avropa arenasında çıxışını görəcəyik
"Öncədən qeyd etmək lazımdır ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərə Allah rəhmət eləsin. Qalib Azərbaycan xalqının həqiqətən də "Xankəndi Azərbaycandır" ifadəsini hiss etməsi çox qürurludur, olduqca möhtəşəm hadisədir. Azərbaycan torpaqlarının vahid halda birləşməsi hər birimiz üçün qürur mənbəyidir".
Bu sözləri informator.az-a açıqlamasında futbol şərhçisi Ramiz Mirzəzadə söyləyib. Şərhçi deyir ki, Xankəndi stationunda hazırda ən azından stadionun oturacaqları dəyişilməlidir.
"Çünki oturacaqların rəngləri vaxtilə özünü göstərməyə çalışan Xontanın əsgi parçasının rənglərindədir. Düşünürəm ki, bununla bağlı stadion mütəxəssislərinin, peşəkar futbol liqasının və ya Azərbaycan Gənclər və İdman Nazirliyinin rəyi olduqca önəmlidir. Nəzərə alınmalıdır ki, ordakı rənglər oyunların keçirilməsinə nə qədər uyğundur”.
Şərhçi qeyd edir ki, hətta bir xəbər də var idi ki, "Qarabağ" komandası bu mövsümdə bəzi oyunlarını və ya kubok qarşılaşmalarını Xankəndidə keçirsin.
"Bu simvolik xarakter daşıya bilər və olması isə təbii ki, xüsusilə Azərbaycan kubokunun finalının orda keçirilməsi çox böyük və ciddi marağa səbəb ola bilər. Hətta mən deyim ki, müstəqil Azərbaycan futbolu tarixində ən maraqlı, yaddaqalan və unudulmaz hadisəyə çevrilə bilər. Amma bunun üçün bilirik ki, xüsusilə dövlətimizin verdiyi qərarlar önəmlidir”.
Ramiz Mirzəzadənin sözlərinə görə, gələcək üçün əlbəttə ki, Xankəndidə yerləşən stadionda oyunlarını keçirəcək bir komandanın yaradılması çox maraqlı və çox gözəl ola bilər.
"Bunun üçün yenə deyirəm, əvvəlcə mənə elə gəlir ki, insanların orda məskunlaşması və bölgədə bir komandanın formalaşdırılmasına ehtiyac var. Bunun üçün də zaman, məncə, çox önəmlidir. Hazırki vəziyyətdə yalnız simvolik xarakterli oturacaqların dəyişdirilməsindən, müəyyən işlərin görülməsindən sonra simvolik xarakterli bir neçə oyun keçirmək olar ki, Azərbaycanın komandalarından "Qarabağ"ın orda bir neçə oyununu keçirməsi maraqlı ola bilər”.
R.Mirzəzadə qeyd edir ki, birinci və ikinci liqada mübarizə aparan bizim azad olunan torpaqlarımızı təmsil edən komandalar fəaliyyətdədir.
“Məsələn, "Cəbrayıl", "Füzuli" kimi komandalar var. Yəni, bu kimi komandaların orda da simvolik xarakterli oyun keçirməsi, məncə, maraqlı olar. Amma bunun üçün hər şeyin əvvəlcə ciddi şəkildə yoxlanılması və stadionun nə qədər bu cür oyunlar keçirməyə hazır olmasını təsdiqləməsi lazımdır”.
Şərhçi düşünür ki, biz necə "Ağdam", "Qarabağın" komandasının uğurlarını görmüşük, yaşamışıq, ümid edirəm ki, müəyyən müddət sonra, illər sonra yeni yaranacaq və yaxud formalaşdırılacaq bir "Xankəndi" təmsilçisinin də Avropa arenasında çıxışını görərik.
"Ən azından bu hazırda utopik səslənsə də, real ortada heç bir şey olmasa da, amma gələcəkdə belə bir klubumuzun olması hər birimiz üçün yalnız sevindirici ola bilər”.
Aynur Babayeva
