00:00:00
Yazar
Zəhra Həsənova
12.06.2026 21:42 30 4 dəq oxuma
Sosial

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Tədbirdə dövlət qurumlarının, media subyektlərinin, ekspertlərin və rəqəmsal məzmun yaradıcılarının iştirakı ilə uşaqların virtual məkanda təhlükəsizliyinin təmin edilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və sağlam rəqəmsal mühitin formalaşdırılması məsələləri müzakirə olunub. Çıxış edən rəsmilər layihənin uşaqların zərərli məzmundan qorunmasına, hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və rəqəmsal ekosistemdə mövcud çağırışlara adekvat cavab verilməsinə xidmət etdiyini bildiriblər.

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər cəmiyyətdə baş verən davranış dəyişiklikləri və sosial sifarişlə əlaqədardır:

 

“Son dövrlərdə informasiya axınının sürətlə artması uşaqların və ümumilikdə insanların müxtəlif məzmunlarla nəzarətsiz şəkildə qarşılaşmasına səbəb olub. Bu istiqamətdə tənzimləmələrin əsas məqsədi uşaqların psixoloji, mənəvi və sosial inkişafına mənfi təsir göstərə biləcək amillərin təsirini azaltmaqdır. Digər tərəfdən, rəqəmsal mühitdə məsuliyyətli davranış normalarının formalaşdırılması da vacib amillər sırasındadır. Burada valideyn nəzarətinin və ailədaxili kommunikasiyanın gücləndirilməsi mühüm rol oynayır. Qanunvericilikdə tətbiq mexanizmləri aydın şəkildə əks olunmalı, valideynlərin, müəllimlərin və digər pedaqoji heyətin vəzifələri dəqiq müəyyənləşdirilməlidir. Uşağın tərbiyəsi həm ailə, həm də cəmiyyətlə bağlı prosesdir. Bu baxımdan onların media resurslarına marağını düzgün istiqamətləndirmək, sosial mediadan əldə etdikləri informasiyalar üzərində nəzarəti təmin etmək vacibdir. Qanunların effektivliyi yalnız məhdudlaşdırıcı mexanizmlərlə ölçülmür. Bu proses həm də ailələrin nə dərəcədə hazır olması ilə bağlıdır. Valideynlərin rəqəmsal bilik səviyyəsi burada mühüm rol oynayır. Əgər valideyn yeni texnologiyalar barədə kifayət qədər məlumatlı deyilsə, uşaqlar onları asanlıqla yönləndirə və müəyyən qaydaları öz istəklərinə uyğun formalaşdıra bilərlər. Bu baxımdan qanun ailənin əvəzini verə bilməz, lakin əlavə müdafiə mexanizmləri təqdim edə bilər. Bu cür tədbirlər uşaqların sosiallaşma prosesinə də təsir göstərir və sağlam informasiya mühitinin formalaşdırılması həm uşaqlar, həm də böyüklər üçün vacibdir. İnformasiyanın psixoloji təsirləri var. O, insanlarda stress yarada, onları müəyyən məqsədlərdən yayındıra və ya müxtəlif problemlərlə üz-üzə qoya bilər”.

 

Rəqəmsal platformalarda tətbiq ediləcək məhdudiyyətlərlə bağlı danışan ekspert bildirib ki, bu, müəyyən maneələr yaratsa da, uşaqların informasiya əldə etmək imkanlarını tam məhdudlaşdırmır:

 

“Burada əsas məsələ balansın qorunmasıdır. İlk növbədə uşaqları zərərli informasiyadan qorumaq, daha sonra isə onlara faydalı və zəruri informasiyanın əlçatanlığını təmin etmək lazımdır. Hüquqi tənzimləmələrin müxtəlif formaları da məhz bu balansın yaradılmasına xidmət edir. Müasir dövrdə internet yalnız əyləncə vasitəsi deyil, həm də təhsil, inkişaf və sosial iştirak üçün mühüm platformadır. Texnologiyalar getdikcə daha da inkişaf edir və məqsəd uşaqların informasiyaya çıxışını məhdudlaşdırmaq deyil. Məqsəd onların yaş xüsusiyyətlərinə uyğun şəkildə məlumatlandırılmasını təmin etməkdir. Lazım olmayan və ya zərərli məlumatların vaxtından əvvəl ötürülməsi uşaqlar üçün mənfi nəticələr doğura bilər. Yaş təsnifatı, məzmunun etiketlənməsi və valideyn nəzarəti mexanizmləri düzgün tətbiq edilərsə, təhlükəsizliklə informasiya azadlığı arasında balans yaratmaq mümkündür. Əks halda həddindən artıq məhdudiyyətlər alternativ və nəzarətsiz platformalara marağın artmasına səbəb ola bilər. Buna görə də mümkün alternativlər əvvəlcədən nəzərdən keçirilməli, məhdudiyyətlər isə normal dəyər kimi qəbul edilməlidir. Uşaqlara düzgün izah aparıldıqda, onların vaxt bölgüsü və məşğuliyyətləri düzgün təşkil edildikdə informasiya məhdudiyyəti hiss olunmayacaq. Bu baxımdan uşaqlar və valideynlər arasında media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Təlimlərin və hazırlıq proqramlarının təşkili də faydalı ola bilər”.

 

Niftəliyev bildirib ki, qanunvericilik müəyyən çərçivə yaradır, lakin uşaqların informasiya ilə işləmə bacarıqlarının inkişaf etdirilməsi də vacibdir:

 

“Onlar informasiyanı təhlil etməyi, doğru ilə yanlışı ayırd etməyi, manipulyasiyanı tanımağı öyrənməlidirlər. Bu istiqamətdə müəyyən işlər görülsə də, proses hələ tam formalaşmayıb. Müəllimlərin və valideynlərin də bu təşəbbüslərə cəlb edilməsi vacibdir. Eyni zamanda sosial maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Bu prosesdə sosioloqların, psixoloqların, vətəndaş cəmiyyəti nümayəndələrinin və informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərin iştirakı mühüm əhəmiyyət daşıyır”.


Sonda Niftəliyev qeyd edib ki, beynəlxalq təcrübə uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasında nəzarət, təhsil və ictimai maarifləndirmənin kompleks şəkildə tətbiqinin ən uğurlu model olduğunu göstərir:

 

“Multidissiplinar komanda işi şəraitində həyata keçirilən tədbirlər daha effektiv və optimal nəticə verir. Belə yanaşma həm uşaqların təhlükəsizliyini təmin edir, həm də onların rəqəmsal dünyada fəal iştirakına, məlumatlı və seçici düşüncə tərzinə sahib olmalarına şərait yaradır”.

Fatimə Hüseynli

#olunub #müzakirə #xəbər #bağlı #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər