00:00:00
Yazar
Elmira Ağayeva
26.11.2026 22:30 257 3 dəq oxuma
Siyasət

XİN rəhbəri: Gürcüstan və Azərbaycan Orta Dəhlizin inkişafında əsas rol oynayır

XİN rəhbəri: Gürcüstan və Azərbaycan Orta Dəhlizin inkişafında əsas rol oynayır

 

Orta Dəhlizin inkişafı və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycan və Gürcüstan mühüm mövqeyə malikdir. Hər iki ölkə regionun tranzit potensialının artırılmasında, eləcə də Asiya ilə Avropa arasında yükdaşımaların inkişafında əsas rol oynayır. Bu əməkdaşlığın gələcək perspektivləri isə diqqət mərkəzindədir.

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, həm Gürcüstanın, həm də Azərbaycanın coğrafi mövqeyi onların Orta Dəhlizin əsas iştirakçıları qismində çıxış etməsini şərtləndirir:

“Bildiyimiz kimi, Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiyadan keçir, Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza çatır, oradan da Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış imkanı yaradır. Bu xəttin üzərində yerləşmək, təbii ki, Azərbaycanı və Gürcüstanı Orta Dəhlizin təbii iştirakçılarına çevirir.

Sözsüz ki, burada əsas üstünlük kimi təkcə coğrafi yerləşməni qeyd etmək doğru olmaz. Hər şeydən öncə, iştirakçı ölkələr arasında etimad mühitinin olması onlara strateji layihələrdə iştirak imkanı qazandırır. Bu, çox vacib məsələdir. Yəni Azərbaycanla Gürcüstan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır, ölkələr arasında uzun illərə söykənən konstruktiv siyasi münasibətlər və əməkdaşlıq sistemi qurulub. Bu da, təbii ki, həmin ölkələrə effektiv marşrut layihələrinin həyata keçirilməsində iştirak etmək imkanı verir”.

Onun sözlərinə görə, Gürcüstanın Qara dəniz sahilində yerləşən mühüm limanlara, o cümlədən Poti və Batumi limanlarına malik olduğunu nəzərə almaq lazımdır:

"Bu Orta Dəhlizin logistik imkanlarını əlavə olaraq genişləndirir. Bu, çox mühümdür. Həm Azərbaycan, həm də Gürcüstan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna sahibdir. Bu mənada, xüsusilə Azərbaycanın rolunu qeyd etmək lazımdır. Bakı–Tbilisi–Qars dəmir yolunun ötürücülük imkanlarının genişləndirilməsində Azərbaycanın Gürcüstana göstərdiyi maliyyə dəstəyi mühüm rol oynayıb. Yəni Azərbaycan Gürcüstan ərazisində də nəqliyyat-logistika infrastrukturunun inkişafına töhfə verməklə, ümumilikdə, Orta Dəhlizin effektivliyinin artırılmasını şərtləndirən addımlar atıb".

Politoloq bildirib ki, Orta Dəhliz həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi həyatına ciddi təsir göstərir:

" İlknövbədə, nəzərə almaq lazımdır ki, Azərbaycan qeyri-neft sektorunun inkişafında maraqlıdır və iqtisadi inkişaf istiqamətlərinin şaxələndirilməsi üçün sistemli işlər görür. Ölkə Prezidentinin əsas strateji yanaşması da ondan ibarətdir ki, ümumi iqtisadi inkişafda qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artırılsın. Bu baxımdan, iqtisadi inkişafın şaxələndirilməsi məsələsi daim diqqət mərkəzindədir. Bu istiqamətlərdən ən mühümlərindən biri kimi nəqliyyat-logistika sahəsini və ölkənin tranzit imkanlarının genişləndirilməsini nəzərdən keçirmək mümkündür.

Bu, Gürcüstanda turizmin inkişafına da təkan verir. Eyni zamanda, Gürcüstan ərazisindən Avropa bazarlarına yüklərin daşınması ölkə iqtisadiyyatına əlavə vəsaitlərin daxil olmasını təmin edir. Sözsüz ki, söhbət təkcə quru nəqliyyatından getmir. Bildiyimiz kimi, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Ceyhan neft boru kəməri layihələri də mövcuddur. Bu layihələr də Gürcüstanın tranzit imkanlarından istifadəni şərtləndirir və, sözsüz ki, ölkə iqtisadiyyatının əsas dayaqlarından birini təşkil edir".

Elşad Mirbəşiroğlu hesab edir ki, Orta Dəhliz layihəsi iştirakçı ölkələr arasında etimad mühitini gücləndirməklə və siyasi münasibətləri inkişaf etdirməklə onların iqtisadi inkişafına da ciddi töhfə verir. Dünya Bankının hesablamalarına görə, 2040-cı ilə qədər Orta Dəhliz üzrə yükdaşımaların həcmi üç dəfəyə qədər artacaq, yüklərin daşınmasına sərf olunan vaxt isə yarıbayarı azalacaq. Politoloqun fikrincə, Azərbaycan və Gürcüstanın Orta Dəhliz layihəsində birgə iştirakı iki ölkə arasında həm siyasi münasibətlərin, həm də iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir.

Aysun Xəlilova

#Gürcüstan #Azərbaycan #Ortadəhliz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər