00:00:00
Yazar
Ayşən Səlimova
25.02.2026 12:48 113 4 dəq oxuma
Şərhsiz Özəl

Xocalı qurbanlarını hörmətlə anırıq!

Xocalı qurbanlarını hörmətlə anırıq!

Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

İlk olaraq, söz BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan xalqının tarixində ən faciəli hadisələrdən birindən 34 il ötür:

 

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı misli görünməyən vəhşilik törədilib. Bu faciə planlı və məqsədyönlü şəkildə həyata keçirilən soyqırımdır. Təəssüflər olsun ki, uzun illər ərzində bu cinayətə beynəlxalq səviyyədə lazımi hüquqi qiymət verilməyib. 1992-ci ildə erməni hərbi birləşmələri 7 minə yaxın əhalisi olan şəhərə hücum etmiş, 106 nəfər qadın, 63 azyaşlı, 70 qoca qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmişdir. 1275 nəfər girov götürülüb. Hər il bu statistikanı təkrarlayırıq. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev verib. Bu gün artıq dünyanın bir çox ölkələrində ermənilərin törətdiyi soyqırımlar barədə həqiqətlər yayılmaqdadır. Xocalıya obyektiv qiymət verilməsi üçün Heydər Əliyev Fondunun rolunu xüsusilə, qeyd etmək lazımdır. Bu soyqırım insanlığa, xalqa qarşı törədilən cinayət kimi tanınmalıdır. “Xocalıya Ədalət” kompaniyası bu sahədə görülən işləri daha da əhəmiyyətləndirir. Bu kompaniya uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli və məqsədyönlü dövlət siyasəti nəticəsində xalqımız şərəfli yoluna qədəm qoyubdur. İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunmuş, işğala son qoyulubdur. Bu Qələbədən sonra Xocalı qurbanları da rahatlıq tapıbdır. Azad olunandan sonra bu şəhərdə yenidənqurma işləri aparılaraq Xocalı müasir, təhlükəsiz yaşayış məkanına çevrilməkdədir. Bu faciəni xatırlamaqla onu gələcək nəsillərə ötürürük. Güclü dövlət, güclü ordu, milli birlik olmadan ədalətin bərpası mümkün deyil. Çıxışın sonunda, Xocalı faciəsində şəhid olanlara dərin ehtiramımı bildirib”. 

 

Milli Məclisin üzvü, əməkdar jurnalist Sevil Mikayılova da bildirib ki, dövlətimizin tarixində yeni səhifə açılıb: 

 

“Bura gələnə qədər nə qədər ağrılı, acılı yol keçdiyimizi unutmamalıyıq. 34 il əvvəl, 25-dən 26-na keçən gecə kəndə edilən hücum, əhalinin qətlə yetirilməsi qan donduran hadisə idi. O zaman bəlkə də özümüzü gücsüz gördük. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Qələbənin ilk işartılarını gördük. Uzun illər ədalətsizliklərlə qarşılaşdıq. Azərbaycanda istintaq aparıldı, hüquqi qiymət verildi. Bu prosesdə Heydər Əliyev Fondunun da rolu olub. Bu cür cinayətlər ümumilikdə genosid kimi qiymətləndirilir. Bu, adsız cinayət deyil. Bir toplumu məhv etmək özü də bəşəri faciə, insanlığa qarşı cinayətdir. Bu bizim amalımız olmalıdır-heç zaman ədalətsizliyə göz yummaq olmaz. Qarabağı görməyənlər belə torpaqlarımızın işğaldan azad olunması üçün döyüşə atıldılar. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər böyük qələbədir. Bu Zəfəri qoruyub saxlamaq isə işin ən çətin və qürurlu hissəsidir. Bu gün cəmiyyətdə böyüyən uşaqlar, gənclər hamısı keçmişini unutmamalıdır. Çünki tarixini unudan xalq gələcəyini qura bilməz”.

 

Milli Məclisin üzvü Qarabağ Dirçəliş şurasının üzvü Fuad Gəncəliyev isə bildirib ki, 1992-ci il fevralın 26-da ailəmlə Şuşada yaşayırdım:

 

“12 yaşım var idi. Atam gəlib bizə dedi ki, Xocalıda soyqırımı törədilib. Bu xəbər bizə təəccübləndirdi. Məqsəd Azərbaycan xalqını sarsıtmaq, mənəvi ruhunu qırmaq idi. Bundan sonra Azərbaycan xalqı mübarizəyə qalxdı. “Ədalət haradadır, niyə hamı susur?” bu sualları verə-verə yaşayırdıq. Məhz bu suallar məni hüquq fakültəsinə qəbul olmağa sövq etdi. Haqq, ədalət, beynəlxalq hüquq haradadır? Bu düşüncələr daim ağlımda dolaşırdı. Hesab edirəm ki, Ermənistanın siyasi və hərbi məğlubiyyəti bizim 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığımız İkinci Qarabağ müharibəsi zamanı qazanılan Qələbə ilə təsdiqləndi. 44 günlük müharibədə ermənilərin onurğa sütunu sındırıldı. Onların hərbi məğlubiyyətinin əsası isə Xocalı soyqırımından sonra qoyuldu. Biz güclü olmalıyıq. Regionda baş verən hadisələr göstərir ki, dünya olduqca çətin və mürəkkəb bir dövrdən keçir. Öz gücümüzü, ordumuzu yüksək səviyyədə saxlamalıyıq. Bu gün biz Xocalı soyqırımını məhz Xocalıda qeyd edirik. Şəhidlərin ruhu şaddır- onların qanı yerdə qalmadı".

 

 

BDU-nun hüquq fakültəsinin insan hüquqları kafedrasının müdiri Turqay Hüseynov isə bildirib ki, cəzasızlıq daha ağır cinayətlərə gətirib çıxarır:

 

“Bu gün Ermənistanda həmin cinayətləri törədənlərin bir çoxu cəzasız şəkildə gəzir. Gec-tez ədalət bərqərar olmalı idi və oldu. Heç kim cəzasız qalmamalıdır. Digər məsələlər də zamanla öz hüquqi həllini tapır və tapmalıdır. Hər bir hüquqşünas bu məsələdə israrlı, prinsipial mövqe nümayiş etdirməlidir. Çünki ədalətin təmin olunması təkcə bir dövlətin deyil, bütövlükdə beynəlxalq hüquq sisteminin məsuliyyətidir. Heç kim cəzasız qalmamalıdır”.

 

Tarix fakültəsinin əslən Xocalıdan olan 4-cü kurs tələbəsi Aysel Quliyeva isə bildirib ki, Xocalı mənim üçün xəritədə sadəcə bir ad deyil:

 

“Xocalı mənim qan yaddaşımdır. Bu faciə baxışlar da, xatirələr də, söhbətlər də yaşayır. Bu hadisəni anamın dilindən danışacam. Meşəyə qaçmaq istəyərkən ermənilər onları görür. “Beş mərtəbə” deyilən yer var idi, ora sığınmaq istəyirlər, amma orada da onları görürlər. Ermənilər kömək gətirmək məqsədilə geri çəkilməli olurlar. Həmin anda anamgil meşəyə girirlər. Ayaqları yalın vəziyyətdə, şaxtalı havada irəliləyirlər. O faciədə babam şəhid olur. Üç gün meşə yolu ilə piyada hərəkət edirlər. Artıq üç ildir ki, xocalılar bu faciəni öz doğma yurdlarında ehtiramla qeyd edirlər. Bir gözümüz yaşlı, bir gözümüz sevinclidir. Çünki artıq şəhidlərimizin ruhu şaddır”.

 

Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı tamaşa təqdim edildi.

 

Səadət Əlizadə

#qurbanlarını #baki #azərbaycan #anırıq!
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər