Xorvatiyanın Azərbaycan qazına marağı artır
Xorvatiya Azərbaycandan qaz tədarükünə ümid edir. Bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç jurnalistlərə bildirib."Hökumətimin ilk səlahiyyət müddətində mayeləşdirilmiş təbii qazın qəbulu terminalının tikintisi ilə bağlı qərar qəbul etdik və bu layihəni uğurla həyata keçirdik. İkinci müddətin əvvəlində terminal açıldı və istismara verildi. Üçüncü müddətin əvvəlində isə onun gücü ildə 6,1 milyard kubmetrə qədər artırılaraq modernləşdirildi", - Baş nazir bildirib.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, Xorvatiyanın bu təşəbbüsü hər iki dövlət üçün dərin strateji əhəmiyyət daşıyır:
“Xorvatiyanın Azərbaycan qazına marağı, ilk növbədə, enerji təhlükəsizliyinin təmin edilməsi və idxal mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Alternativ təchizatçıların mövcudluğu enerji bazarında rəqabəti artırır, təchizat risklərini azaldır və uzunmüddətli perspektivdə iqtisadi sabitliyə müsbət təsir göstərir. Azərbaycan üçün isə bu əməkdaşlıq yeni ixrac bazarlarının qazanılması, enerji gəlirlərinin artırılması və Avropa ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi deməkdir. Eyni zamanda, Xorvatiyanın regional enerji infrastrukturu Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılması üçün əlavə imkanlar yarada bilər”.
İqtisadçının sözlərinə görə, Xorvatiyanın artan marağı sadəcə ticari əlaqələrlə məhdudlaşmır, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas oyunçu kimi mövqeyini bir daha nümayiş etdirir. Bunun real iqtisadi nəticələrə çevrilməsi isə nəql imkanlarından, kommersiya şərtlərindən və uzunmüddətli müqavilələrdən asılı olacaq.
Zəri Bayramlı