00:00:00
Yazar
Admin User
17.01.2026 05:54 195 5 dəq oxuma
Media

Yaddaşlarda qalan insan...

Yaddaşlarda qalan insan...


Hər kəsin öz taleyi, həyat yolu var. Hər birimiz bu yolda müxtəlif insanlarla rastlaşır, onlardan nəsə öyrənirik... Yazıb-oxumağı, həyat təcrübəsini...
Mənim də taleyimdə belə işıqlı insanlar olub. Onlardan biri də professor Yalçın Əlizadədir.

Yalçın müəllim çox maraqlı, geniş erudisiya, böyük dünyagörüşünə malik, ideallarına sadiq bir şəxsiyyət idi. O, həyatının çox hissəsini jurnalistikaya həsr edərək, ali ixtisaslı jurnalist kimi on il Azərbaycan radiosunda işləyib, eyni zamanda pedaqoji sahədə fəaliyyət göstərərək gənc jurnalistlərin yetişdirilməsinə mühüm töhfələr verib. Azərbaycanda radio jurnalistika tarixinin tədqiqatçılarından, nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olan Yalçın Əlizadə televiziya və radio jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir. Onun elmi fəaliyyətində xüsusi yer tutan radio jurnalistikasının nəzəri aspektləri mövzusu uzun illər apardığı tədqiqatların, şəxsi müşahidələrinin və praktik təcrübəsinin nəticəsi olub. Bu araşdırmalar əvvəlcə «Azərbaycanda radio jurnalistikanın təşəkkülü və inkişafı» adlı namizədlik dissertasiyasının mövzusuna, daha sonra isə jurnalistika təhsilində dəyərli mənbə kimi qiymətləndirilən “Radio jurnalistikanın əsasları” adlı dərsliyinin yaranmasına əsas verib. Bu dərslik təkcə tədris vəsaiti deyil, radio jurnalistikasına elmi baxışın, peşə etikasının və yaradıcı düşüncənin birləşməsi idi. Kitabın ən böyük üstünlüklərindən biri nəzəri biliklə praktik təcrübəni uzlaşdırması idi. İllər sonra, Azərbaycan radiosunun 80 illiyinə radio və televiziya tədqiqatçısı professor Qulu Məhərrəmli ilə birgə hazırladıqları “Azərbaycan efiri: tarix və müasirlik” adlı kitabı geniş oxucu auditoriyasına təqdim olunub. Kitabda radio və televiziya tarixinin öyrənilməsinə dair yeni sənədlər, həmçinin bu sahənin əməkdaşlarının xatirələri təqdim olunub. Tədqiqatlarda radio verilişlərindən nümunələrə, jurnalist məsuliyyətinə, canlı yayımda etik məqamlara xüsusi yer ayrılıb.
Yalçın Əlizadə uzun müddət Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, jurnalistika fakültəsində müəllim, dosent, professor, kafedra müdiri və nəhayət dekan vəzifələrində işləyib.
Həyat yoluna baxanda əmin olursan ki, Yalçın müəllim üçün jurnalistika həyatının peşəsi olub və o, hər zaman bu peşəyə layiq olmağa çalışıb. Bütün bu keyfiyyətlərinə görə Y.Əlizadə “Əməkdar jurnalist” fəxri adı, “Qızıl qələm” mükafatı, “Tərəqqi” medalı, “Əmək ordeni” və BDU-nun 100-illik medalı ilə təltif olunub.
Yalçın müəllim radio jurnalistikasını “səsli düşünmə sənəti” adlandırar, radionun sadəcə informasiya ötürən vasitə deyil, dinləyici ilə görünməz, lakin güclü emosional bağ yaradan media olduğunu vurğulayardı. Yalçın müəllim bu mövzuda saatlarla danışa bilərdi və onu dinlədikcə anlayırdın ki, həqiqətən sənətinə vurğundur. O, tez-tez xatırladırdı ki, radio jurnalisti efirdə təkcə özünü deyil, cəmiyyəti təmsil edir və hər söz dinləyicinin yaddaşında iz buraxa bilər.
“Azərbaycan radiosu ilk elmi araşdırmalarda” adlı metodik vəsait üzərində işlədiyim dövrdə Yalçın müəllimin elmi məsləhətçi kimi dəyərli tövsiyələri çox köməyimə gəldi. Söhbətlərimiz əsasən radionun keçmişindən başlayırdı. O, radioya gəldiyi ilk illəri, Tofiq Rüstəmov, Mailə Muradxanlı ilə birgə hazırladıqları verilişləri, efirdə yaşanan, şahidi olduğu gərgin anları gülümsəyərək yada salırdı... Bu xatirələr tədqiqatımın canlı tarix kimi formalaşmasına kömək edirdi.
Mətnin üzərində işlədiyimiz vaxtlarda o, diqqətlə dinləyir, suallar verir, bəzən məni düşündürən bir detalın üzərində uzun-uzadı dayanırdı. “Bunu sən fakt kimi yox, proses kimi izah et,” - deyirdi. Radio jurnalistikasının arxasında böyük zəhmət, məsuliyyət və zamanın nəfəsi dayandığını xatırladırdı. O, elmi işin oxunaqlı olmasına çalışır, mövzunun ruhunu duymağı, araşdırılan dövrü hiss etməyi öyrədirdi: “Elmi mətn də dinləyici, yaxud da oxucu üçün aydın və anlaşılan olmalıdır”. Bəzən müzakirələrimiz maraqlı bir hadisəyə keçirdi. O, efirdə baş verən gözlənilməz vəziyyətlərdən peşəkarlıqla çıxdıqlarını xatırlayır və fikrini belə tamamlayardı: “Radionun gücü tək texnikada deyil, jurnalistin düşünmə sürətində və məsuliyyət hissindədir”. Bu gün kitabı vərəqləyəndə həmin söhbətlərin mənim üçün nə qədər dəyərli olduğunu bir daha dərk edirəm.
Onun peşəyə münasibəti ən xırda detallarda belə hiss olunurdu. Xüsusilə ədəbi redaktə məsələlərinə göstərdiyi həssaslıq yadda qalan idi. Kafedrada birlikdə işlədiyimiz illərdə Yalçın müəllimin sənədləri necə həssaslıqla yoxladığının dəfələrlə şahidi olmuşam. Redaktə etdiyi istənilən yazıda kiçik bir işarə belə diqqətindən yayınmırdı. O, mətni tələsmədən, sətir-sətir oxuyardı, məntiqi uyğunsuzluq, yanlış söz və ya durğu işarəsi gözündən qaçmazdı. Hesab edirdi ki, oxucuya təqdim olunan mətn müəllifin peşəkar simasını əks etdirir. “Oxucu səni tanımaya bilər, amma sənə yazına görə qiymət verəcək,” - deyərdi.
İlk baxışda Yalçın müəllim çox ciddi təsir bağışlayırdı. Lakin onu yaxından tanıyan hər kəs bilirdi ki, bu ciddiyyət böyük məsuliyyətdən irəli gəlirdi. Semestrin sonu idi... İmtahan qabağı magistr tələbələri ilə Yalçın müəllimgilə getmişdik. Bu, tələbələr üçün sadəcə ziyarət deyil, canlı ünsiyyət, açıq müzakirə imkanı idi. İlk dəqiqələrdən söhbət səmimi, isti bir ab-havada başladı. Jurnalistikadan, həyatdan, efirin görünməyən tərəflərindən danışdıqca zamanın necə keçdiyini hiss etmədik. Tələbələr diqqətlə qulaq asır, suallar verir, bəzən sadəcə dinləməklə kifayətlənirdilər. Həmin axşam Yalçın müəllimin qızı Aytənin süzdüyü ətirli çaylar da bu səmimiyyətdən unuduldu. Bu görüş tələbələrdə çox böyük təəssürat yaratdı. Auditoriyada gördükləri ciddi müəllimin qayğıkeş və səmimi bir insan olduğunu məhz həmin axşam daha aydın hiss etdilər. Hətta sonralar bir də belə görüşü planlaşdırdıq. Amma həyatın öz qanunları var… Bəzi planlar gerçəkləşmir, görüşlər isə xoş xatirəyə çevrilir.
Professional keyfiyyətləri ilə yanaşı Yalçın müəllim gözəl ailə başçısı, sevimli müəllim, yüksək təşkilatçılığı ilə seçilən rəhbər idi. Fakültə dekanı işlədiyi vaxtlarda da professor - müəllim heyətinin inamını, sevgisini qazana bilib. Professor Şirməmməd Hüseynov onun haqqında deyib: "Yalçın, ləyaqət sahibidir, mənim ümidlərimi doğrultmuş alim və müəllimdir”.
Sirr deyil ki, Jurnalistika fakültəsində nüfuzlu müəllim və professorların, peşəkarların qurub yaratdığı müəllim-tələbə münasibətlərində səmimilik, qarşılıqlı hörmət və peşəkar etika prinsiplərinə əsaslanan bir mühit vardı. Məhz bu səmimi və peşəsinə bağlı münasibətin nəticəsi idi ki, Yalçın müəllimin ömrünün ən məhsuldar illəri Bakı Dövlət Universiteti, doğma Jurnalistika fakültəsi və sevimli tələbələri ilə bağlı oldu. Müəllimlərinin illərlə yaratdığı mühiti, ənənələri qoruyub saxladı və bu ənənələr günümüzdə də uğurla davam etdirilir.
Bu gün professor Yalçın Əlizadənin 86-cı ildönümünü onsuz qeyd edirik. Yalçın müəllimin ömrünün ən məhsuldar illəri Bakı Dövlət Universiteti, doğma Jurnalistika fakültəsi və tələbələri ilə bağlı idi, çünki onun üçün jurnalistika və onun tədrisi sadəcə peşə deyil, bir həyat yolu idi.
Qədim yunanlara məxsus belə bir deyim var: “Əgər insan layiqli həyat yaşayıbsa, onu sevən ailəsi, dostları və sevdiyi peşəsi varsa, o xoşbəxtdir”...Yalçın müəllim də belə xoş taleli insanlardan idi...

 

BDU jurnalistika fakültəsi 

Multimedia və elektron kommunikasiya kafedrasının 

dosenti Sevinc Tofiq qızı Məmmədova

   

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər