Yanlış karyera seçimi
Azərbaycanda hər il yüzlərlə abituriyent universitetə daxil olduqdan sonra seçdiyi ixtisasın ona uyğun olmadığını anlayır. Yanlış yönləndirmə səbəbilə minlərlə gənc ya ixtisasını dəyişməli olur, ya da ümumiyyətlə peşəsini icra etmir. Karyera istiqamətləndirilməsinin düzgün təşkil olunmaması bu sahədə ciddi boşluqlar yaradıb. Məktəb dövründə dəstək mexanizmlərinin olmaması gələcəkdə peşəkar inkişafın qarşısını alır.
Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, məktəblərdə bununla bağlı bir şöbə açılmalıdır:
“Karyera məsələsi Azərbaycan təhsilində ən önəmli məsələlərdən biridir. Çünki məktəblərdə bizim gözümüzdən qaçan, diqqətimizdən qaçan və yaxud illərlə hələ də formalaşdıra bilmədiyimiz ən önəmli məsələlərdən birisi karyera yönləndirilməsi məsələsidir. Çünki şagirdlərimiz bildiyiniz kimi hər il universitet imtahanları verirlər, qrup seçirlər, həm qrupla illərlə oxuyub universitetə daxil olurlar, universiteti bu mənada davam etdirib sonra universitetdə oxuduqları peşəni icra etməyən minlərlə insan universitetdə görürlər ki, bu artıq onların istədikləri ixtisas deyil. Bir-iki il orada itirib, bəlkə də universitetlərini dəyişdirirlər. Yəni bu mənada universitetlərimiz, orta məktəblərimiz karyera cəhətdən tələbələri, şagirdləri yaxşı yönləndirə bilmir. Biz bunu formalaşdıra bilməyimiz üçün çox geniş ölkə miqyasında işlər görülməlidir. Bunlardan birincisi – məktəblərdə bir şöbə açılmalıdır. Bu şöbədə bir neçə karyera mütəxəssisi, sosial işçi, karyera mütəxəssisi kimi insanlar işləməlidir. Onların işi sadəcə məktəblərdə şagirdlərin karyera istiqamətləndirilməsini aparmaq olmalıdır. Onlarla testlər keçirmək, müsahibələr aparmaq, valideynlə danışmaq, şagirdləri yönləndirmək. Şagirdləri yönləndirəndən sonra onların həmin istiqamət üzrə fəaliyyətlərini müəyyənləşdirmək, hədəflər qoymaq, izləmək – bu yolla onların karyera inkişafını, karyera yönəlimini düzgün təmin etmək olar.
Əks halda, bizim əksəriyyət şagirdlərimiz publika'ya əməl edir, uyur. Valideynlər düşünür ki, mənim övladım belə olsa daha yaxşı olar, bu işin peşəsi, bu işin maaşı daha yaxşıdır, bu işin perspektivi daha yaxşıdır deyib – “palaza bürün, el ilə sürün” anlayışıyla – əksər seçimini bir çox uşağa gördürür. Ona görə də yanlış ixtisasın qurbanı olanlar həddindən artıq çoxdur. Yanlış ixtisasın qurbanı olmanın qabağını almaq üçün isə mənim qeyd etdiyim metod, yanaşma alternativ bir yanaşmadır. Orada artıq mütəxəssislər var, mütəxəssislər testlər edir, şagirdin həqiqətən nəyə uyğun olduğunu, hansı ixtisasa uyğun olduğunu təyin edir. Amma bu nə vaxt olar, necə olar, bunu mən bilmirəm. Amma hal-hazırda bunun olması üçün yeni bir ştat vahidinin açılmasına ehtiyac var. Bu ştata isə bir neçə insanın təyin olunmasına ehtiyac var.
Mövcud vəziyyətdə Azərbaycanda psixoloqlar belə — say olaraq, kəmiyyət olaraq da kifayət edə bilməz. Psixoloqların vasitəsilə biz karyera yönəlimini, karyera istiqamətləndirilməsini düzgün edə bilərik. Mövcud vəziyyətdə yeni ştat vahidi açmadan bunu, məsələn, psixoloqların sayını və peşəkarlıqlarını artıraraq onların vasitəsilə şagirdlərin karyera istiqamətləndirilməsini düzgün təşkil edə bilərik. Bu da alternativ variant. Mənim bayaq dediyim variant, yanaşma bir idealdır, amma əlbəttə ki, bu variantla daha böyük işlər görmək olar, daha qısa zamanda işlər görmək olar – daha böyük yox – yəni daha ilkin mərhələdə bu işi həll etmək olar. Amma mərəmdir ki, psixoloqlar kəmiyyət və keyfiyyət olaraq yetərli deyil. Onların məvacibi, onların otağı, onların iş mühiti – sual altındadır”.
Mövzu ilə bağlı abituriyent Aysel Tarışova da öz fikrini bildirdi:
“Mənim üçün ixtisas seçərkən birinci əsas meyar maraqdır. Çünki mənə görə bir insanın seçdiyi ixtisasa, gələcəkdəki işinə marağı olmasa, onun üçün həyat sıxıcı olar və bu işdə uğur qazana bilməz. Mən gələcəkdə data analitika ixtisası seçib, o üzrə təhsil alıb, IT üzrə işləmək istəyirəm. Çünki mənim üçün kompüterdə işləmək, hər dəfə yeni texnologiyalar haqqında öyrənmək çox maraqlıdır”.
Həmçinin Data Analitika tələbəsi Leyla Süleymanova qeyd edib:
“Mənim fikrimcə, oxuduğum ixtisas maraq və bacarıqlarıma tam uyğundur. Çünki mən internet, telefon, kompüter və ümumiyyətlə mobil texnologiyalarla işləməyi sevirəm. Seçdiyim sahə isə məhz bu cihazlarla işləmə bacarığı tələb edir. Eyni zamanda maraq dairəm riyaziyyat və hesablama ilə bağlı sahələrə yönəlib. Hesablama və araşdırma tələb edən işlərə xüsusi marağım var.
Əgər yenidən seçim imkanı olsa, eyni ixtisası seçərdim. Heç bir peşmanlığım yoxdur”.
Aydan Əsgərxanlı
