Yaşıl enerjidə yeni mərhələ: Azərbaycan, Qazaxıstan və Özbəkistan əməkdaşlığı
Qazaxıstanın Azərbaycan və Özbəkistanla “yaşıl enerji” sahəsində imzaladığı sazişi ratifikasiya etməsi regionda enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Təmiz energetika və bərpa olunan enerji mənbələri üzrə tərəfdaşlığın genişlənməsi həm regional, həm də qlobal enerji bazarında mühüm dəyişikliklər vəd edir.
Mövzu ilə bağlı enerji eksperti Şaban Nəsirov “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım təsadüfi deyil:
“Qazaxıstan Prezidenti tərəfindən sazişin ratifikasiya olunması üç ölkə arasında enerji əməkdaşlığının daha sistemli və strateji xarakter aldığını göstərir. 2024-cü ilin noyabrında Bakıda imzalanmış bu sənəd artıq praktik mərhələyə keçir".
Ekspertin sözlərinə görə, sənədin əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir:
“Bu saziş bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə regionun enerji xəritəsində yeni balans yarana bilər".
Şaban Nəsirov qeyd edib ki, Azərbaycanın mövqeyi bu əməkdaşlıq çərçivəsində daha da güclənir:
“Azərbaycan artıq neft və qaz ixracatçısı kimi Avropa üçün etibarlı tərəfdaşdır. ‘Yaşıl enerji’ istiqamətində bu cür əməkdaşlıqlar isə ölkənin rolunu daha da genişləndirir və enerji siyasətinə yeni dimensiya əlavə edir".
Ekspert Xəzər hövzəsinin potensialına da diqqət çəkib:
“Xəzər dənizi ətrafında həm külək, həm də günəş enerjisi baxımından böyük potensial mövcuddur. Qazaxıstan və Özbəkistanla əməkdaşlıq bu potensialın daha geniş miqyasda reallaşdırılmasına imkan yaradır və Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi mövqeyini gücləndirir".
Həmçinin bildirib ki, bu proses Avropanın enerji siyasəti ilə də uzlaşır:
“Avropa İttifaqı enerji mənbələrini şaxələndirməyə çalışır. Bu baxımdan regionda ‘yaşıl enerji’ layihələrinin inkişafı həmin strategiyaya uyğun gəlir və Azərbaycan üçün əlavə imkanlar yaradır".
Şaban Nəsirov vurğulayıb ki, regional əməkdaşlıq enerji təhlükəsizliyinə də töhfə verir:
“Müxtəlif mənbələrdən enerji istehsalı və paylaşımı riskləri azaldır, təchizatın sabitliyini artırır və alternativ marşrutların formalaşmasına şərait yaradır. Bu, xüsusilə qeyri-sabit geosiyasi şəraitdə çox önəmlidir".
Ekspert əlavə edib ki, Avropaya enerji ötürülməsi layihələri də gündəmdədir:
“Qara dəniz vasitəsilə elektrik enerjisinin ötürülməsi texniki baxımdan mürəkkəb olsa da, müasir texnologiyalar bu layihənin həyata keçirilməsini mümkün edir. Burada əsas məsələ maliyyə, siyasi koordinasiya və texniki standartların uyğunlaşdırılmasıdır".
Şaban Nəsirov bildirib ki, uzunmüddətli perspektivdə bu layihələrin iqtisadi səmərəliliyi daha da artacaq:
“Avropada ‘yaşıl enerji’yə tələbatın artması bu layihələrin gəlirliliyini yüksəldir və onları daha cəlbedici edir".
Sonda ekspert qeyd edib ki, qlobal gərginliklər fonunda bu təşəbbüsün əhəmiyyəti daha da artır:
“Yaxın Şərqdə artan gərginlik qlobal enerji bazarına təsir edir. Bu şəraitdə Azərbaycan və tərəfdaş ölkələrin təşəbbüsləri həm risklər, həm də yeni imkanlar yaradır. Region sabit və etibarlı enerji dəhlizi kimi daha çox ön plana çıxa bilər".
Aişə Mustafayeva