00:00:00
Yazar
Aise Mustafayeva
28.09.2026 21:40 45 2 dəq oxuma
Dünya

Yeniyetmələrin sosial şəbəkələrdə trend naminə riskli davranışları artır

 

Yeniyetmələrin sosial şəbəkələrdə trend naminə riskli davranışları artır

Sosial şəbəkələrdə yayılan müxtəlif trendlər yeniyetmələrin diqqətini cəlb edir. Bəzi hallarda trendə qoşulmaq istəyən yeniyetmələr təhlükəli davranışlara yol verir. Belə halların qarşısının alınmasında valideyn nəzarəti və yeniyetmə ilə düzgün ünsiyyət mühüm rol oynayır.

 

 

2026-cı ildə ABŞ-də fəaliyyət göstərən Nationwide Children’s Hospital mütəxəssisləri sosial şəbəkələrdə riskli çağırışlarla bağlı 20 ildən artıq araşdırmanı nəzərdən keçirib. Mütəxəssislər bildirir ki, yeniyetmələr həmyaşıdlarının təsiri, sosial təsdiq və daha çox baxış əldə etmək istəyi səbəbilə təhlükəli çağırışlara qoşula bilər. Eyni zamanda, yeniyetmələr bəzi davranışların mümkün nəticələrini böyüklər qədər düzgün qiymətləndirməyə bilər.

 

 

Problemin digər tərəfi sosial media platformalarının məzmunu istifadəçiyə təqdim etmə üsulu ilə bağlıdır. Amerika Pediatriya Akademiyasının 2026-cı il siyasət sənədində platformaların tövsiyə alqoritmləri və istifadəçini daha uzun müddət platformada saxlamağa yönəlmiş dizaynlarının zərərli məzmunun da daha çox qarşıya çıxmasına səbəb ola biləcəyi qeyd olunur.

 

 

Azərbaycanda da uşaqların sosial şəbəkələrdə təhlükəsizliyi ilə bağlı narahatlıqlar mövcuddur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2025-ci ilin avqustunda uşaqların iştirakı ilə yayılan bəzi videolara münasibət bildirərək valideynlərin uşaqların izlədiyi rəqəmsal məzmuna nəzarət etməsinin vacibliyini vurğulayıb. Komitə uşaqlara erkən yaşlardan sosial mediadan düzgün istifadə qaydalarının öyrədilməsinə çağırıb.

 

2026-cı ilin iyununda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov açıqlayıb ki, Sosial Tədqiqatlar Mərkəzinin sorğusuna əsasən, Azərbaycanda valideynlərin 43 faizi uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir.

 

Araşdırmalar göstərir ki, valideyn nəzarəti yalnız telefonun alınması və ya sosial şəbəkələrə tam qadağa qoyulması demək deyil.

 

2025-ci ildə dərc olunan və 26 mindən çox yeniyetməni əhatə edən 27 araşdırmanın nəticələrini birləşdirən sistematik icmalda valideyn davranışlarının dörd əsas istiqaməti müəyyənləşdirilib. Bunlara valideynin davranışı ilə nümunə olması, övladla sosial media haqqında ünsiyyət, istifadəni izləmək və aydın sərhədlər müəyyənləşdirmək daxildir.

 

Araşdırmaya görə, əvvəlcədən razılaşdırılmış və aydın qaydalar problemli sosial media istifadəsinin azalmasına kömək edə bilər.

 

 

ABŞ-də Pew Research Center-in 2026-cı il araşdırması da valideyn-övlad ünsiyyətinin əhəmiyyətini göstərir. 13-17 yaşlı yeniyetmələrin valideynləri arasında aparılan sorğuda 85 faiz valideyn övladı ilə sosial mediadan istifadə barədə danışdığını bildirib.

 

 

Mütəxəssislərin yanaşmasına görə, valideyn nəzarətinin qadağa və cəzadan çox, ünsiyyət, etimad və əvvəlcədən müəyyən edilmiş sərhədlər üzərində qurulması daha sağlam yanaşma hesab olunur.

 

 

Beləliklə, əsas məqsəd yeniyetməni sosial şəbəkələrdən tamamilə uzaqlaşdırmaq deyil. Daha vacib məsələ onun qarşılaşdığı məzmunu qiymətləndirməyi, riskli davranışlardan uzaq durmağı və internetdə problemlə üzləşdikdə bunu valideynindən gizlətməməyi öyrənməsidir.

 

 

Sosial şəbəkələrdə trend naminə riskə getməyin qarşısının alınması isə yeniyetmə ilə yanaşı ailənin, məktəbin, cəmiyyətin və rəqəmsal platformaların da məsuliyyət dairəsinə daxildir.

 

Nazlı Ağazadə 

#davranışları #baki #trend #şəbəkələrdə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər