Əzbərçilik problemi və yaradıcı düşüncənin kölgədə qalması
Təhsil sistemində əzbərçilik hələ də əsas yer tutur və bu, şagirdlərin mövzunu dərin şəkildə anlamasına mane olur. Məlumatı sadəcə yadda saxlamaq üzərində qurulan təhsil düşünən və sual verən fərdlərin formalaşmasını çətinləşdirir.
Yaradıcı düşüncə çox vaxt kifayət qədər təşviq edilmir. Fərqli fikir bildirmək və səhv etmək qorxusu gənclərin öz potensialını ortaya qoymasına mane olur. Nəticədə təhsil prosesi inkişaf edən dünyaya uyğunlaşmaqda çətinlik çəkən fərdlər yetişdirir.
Mövzu ilə bağlı Azərbaycan dili və ədəbiyyat müəllimi Tağı Tağıyev "İnformator.az" saytına açıqlamasında bildirib ki, əzbərçilik yaradıcılığı məhv edir:
"Əzbərçilik təhsil sistemində hələ də əsas yer tutur, çünki uzun illər formalaşmış ənənəvi tədris modeli dəyişmədən davam edir. Bu modeldə bilik anlayışı məlumatı anlamaqdan çox onu yadda saxlamaq kimi qəbul olunur. İmtahan sisteminin test və qısa cavablara əsaslanması müəllimləri də proqramı “çatdırmağa” məcbur edir. Siniflərdə şagird sayının çox olması, müəllimlərin üzərindəki hesabat və nəticə təzyiqi fərdi və yaradıcı yanaşmalara zaman ayırmağa imkan vermir. Bundan əlavə, müəllim hazırlığında da tənqidi və yaradıcı düşüncədən çox faktların ötürülməsinə üstünlük verilməsi əzbərçiliyi gücləndirir.
Yaradıcı düşüncənin inkişafına mane olan əsas amillərdən biri səhv etmə qorxusudur. Şagird səhv cavab verdikdə cəzalandırılır və ya lağ obyektinə çevrilirsə, o, fikrini sərbəst ifadə etməkdən çəkinir. Standart cavabların tələb olunması, fərqli düşünən şagirdlərin “problemli” kimi etiketlənməsi də yaradıcılığı boğur. Dərs yükünün həddən artıq ağır olması, sərbəst araşdırma və müzakirəyə vaxt ayrılmaması, eləcə də ailə və cəmiyyətin “yüksək bal = uğur” düşüncəsi bu prosesi daha da zəiflədir".
Müsahibimizin sözlərinə görə, qiymət mərkəzli təhsil sistemi şagird psixologiyasına da ciddi təsir göstərir:
"Şagirdlər biliyi öyrənmək üçün deyil, yüksək bal almaq üçün oxumağa başlayırlar. Bu isə daxili motivasiyanı azaldır, stres və narahatlığı artırır. Uğursuz qiymət alan şagird özünü bacarıqsız hiss edir, özgüvəni zəifləyir və təhsilə qarşı marağını itirir. Daim müqayisə olunmaq rəqabəti sağlam inkişafdan çıxararaq psixoloji gərginliyə və qorxuya çevirir.
Yaradıcı düşüncəni təşviq etmək üçün müəllim və məktəb yanaşmalarını dəyişməlidir. Dərslərdə açıq suallar, müzakirələr, layihə və araşdırma əsaslı tapşırıqlar artırılmalıdır. Şagirdin fikrinə hörmət edilməli, səhv etməyin öyrənmə prosesinin bir hissəsi olduğu izah olunmalıdır. Qiymətləndirmə yalnız imtahan nəticəsinə deyil, prosesə, səylərə və inkişaf dinamikasına əsaslanmalıdır. Müəllim məlumat ötürən deyil, yönləndirən rolunu almalı, məktəb isə fərqliliyi və yaradıcılığı dəstəkləyən təhlükəsiz mühit yaratmalıdır".
Ayisə Şərifova
