İnsan təfəkkürünü hansı janrda olan kitablar inkişaf etdirir?-Yazıçı açıqlama verdi

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:42 17.06.2024

"Kitabın özü insan təfəkkürünü və düşüncəsini inkişaf etdirən ən təsirli vasitədir. Bu, kitabın ən təbii funksiyasıdır. Tanrı da insanlarla kitab vasitəsi ilə əlaqə yaradıb.". Bu sözləri "İnformator.az"-a açıqlamasında yazıçı Miri Rəsulzadə deyib.

 

Yazıçı bütün kitabların insan təfəkkürünün inkişafına xidmət göstərməli olduğunu bildirib.

 

"Burada diqqət yetirmək lazım olan əsas məqamlardan biri mətnin ustalıqla işlənməsidir. Dünya inkişaf etdikcə insanların zövqü də inkişaf edir. Məsələn, orta əsrlərdə bu qədər janra rast gələ bilməzdik. Əlimizdə ancaq elmi, fəlsəfi və şeir kitabları var idi. Bu gün isə fərqlidir".

 

M.Rəsulzadə əlavə edib ki, səmavi kitablar hər dövrdə aktuallığını qoruyub saxlayır.

 

"İnsan oğlu bütün sənət növlərində bu mənbəyə müraciət edir və özü üçün oradan düsturlar çıxarır, həyatını şəkilləndirir".

 

Yazıçı qeyd edib: "İnsan dünyada gücü çatmayan məsələləri bədii ədəbiyyatda həll etməyə, həmçinin, orada çarə axtarmağa çalışır. Sevgi, ölüm, azadlıq, xəstəlik və s. mövzuların həllini bədii ədəbiyyatda öz əksini tapır".

 

Həmsöhbətçimiz bildirir ki, insanların düşüncə və təfəkkürünə təsir edən janrlardan biri də psixoloji mövzuda yazılan əsərlərdir.

 

"XXI əsrin başqa bir adı "depressiya əsri"-dir. Nəticə etibarilə psixoloji janrda yazılan kitablar da insanların düşüncə və təfəkkürünə təsir göstərir".

 

Çinarə Muradova