Bəstəkar Pikə Axundova ilə gənclərin görüşü keçirilib  

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:23 23.06.2024

Mədəniyyət Nazirliyi və  Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova ilə görüş keçirilib.

 

“MədəniyyətimİZ” proqramı çərçivəsində baş tutan tədbiri giriş sözü ilə açan “MədəniyyətimİZ” proqramının koordinatoru Riad Cəbrayılov proqram çərçivəsində həyata keçirilən mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlərin əhəmiyyətindən bəhs edib. Müasir bəstəkarlıq ənənələrinin yaşadılması və inkişafında gənc bəstəkar Pikə Axundovanın özünəməxsus üslubundan, onun dillər əzbərinə çevrimiş nəğmələrindən və irihəcmli musiqi əsərlərindən danışılıb.

Daha sonra bəstəkar Pikə Axundova həyat və yaradıcılığı ilə bağlı geniş təqdimatla çıxış edib. Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində müasir bəstəkarlıq ənənələrinin təbliği, gənc bəstəkarların yaradıcı fəaliyyətindən söhbət açıb.

Tədbir Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində müasir musiqinin rolu”, “Bəstəkarlıq fəaliyyətində yeni, innovativ yanaşmalar: keçmiş ənənələrə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirə ilə davam edib. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün bədii hissəsində Pikə Axundovanın ifasında “Salam, Şuşa”, Tokkata” və müğənni Zabitə Əliyevanın ifasında bəstəkarın “Qəlbimin səsi” nəğməsi təqdim edilib.

 

Qeyd edək ki, “MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili görüşlərin təşkili nəzərdə tutulur.