"...Bu mənada Rusiya bazarından daha böyük bir pay ala bilərik"-Ekspert RƏYİ

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:31 16.07.2024

"Azərbaycan Rusiya ilə turizm sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır". Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qafqaz İnvestisiya Forumunda deyib.

 

Bu addım hər iki ölkənin turizm sahəsinə necə təsir göstərəcək? Bununla bağlı investisiya sahəsində nələr gözləniləndir? 

 

Məsələ ilə bağlı Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov "informator.az"a açıqlamasında qeyd edir ki, son dövrlər Azərbaycan-Rusiya arasında müxtəlif sahələrdə qarşılıqlı missiyanın qoyulması, iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir:

 

"Eyni zamanda bura turizm sahəsi də daxildir ki, artıq Rusiyanın müəyyən bölgələrinin təqdimatı və Azərbaycan turizm imkanlarının da Rusiyada təmsili baş tutur. Bu əvvəl də var idi, lakin son dövrlər ərzində bura qarşılıqlı turizm sahəsinə investisiyanın qoyulması da əlavə olunub. Nəzərə alsaq ki, iki ölkə arasında ciddi dil baryeri, hər hansısa bir viza tələbi yoxdur, bununla bərabər coğrafi yaxınlıq, qonşuluq məsələləri də var ki, bu da cəlbedici faktorlardan biridir. Azərbaycan da Rusiya bazarı üçün önəmlidir və mütəmadi olaraq ölkəmizin bir neçə Beynəlxalq Hava Limanından Rusiyanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirilir. Bu da o deməkdir ki, həmin məntəqələr, ona yaxın ərazilərdə Azərbaycan turizmi daha geniş təbliğ oluna və turistlərin cəlb olunmasında mühüm rol oynaya bilər. Dünyada turizm xəttləri ən böyük ölkələrdən biri də Rusiyadır ki, bu mənada Rusiya bazarından daha böyük bir pay ala bilərik".

 

Azərbaycanın turizm potensialına gəlincə isə, ekspert qeyd edir ki, bu yüksəkdir və daha çox turistin ölkəmizə cəlb edilmə imkanı hələ də mümkündür:

 

"Xüsusilə də turist axını çimərlik mövsümündə hiss olunandır. Rusiyadan hər il milyonlarla insan məhz istirahət üçün dünyanın müxtəlif ölkələrinə üz tuturlar. Məlum olduğu kimi, Azərbaycanlı iş adamlarının da Rusiyanın müxtəlif sanatoriya, məkanlarında ciddi investisiyaları var ki, bu da ölkələr arasında əlaqələr və eyni zamanda turizm sahəsində biznesin, investisiyaların artması ilə müşahidə oluna bilər".

 

Aytac Kərimova