POS-terminaldan istifadə etməyənləri nə kimi cəza gözləyir? -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 15:08 20.08.2024
Baxmayaraq ki, artıq günümüzdə POS-terminallardan istifadə geniş vüsət alıb, lakin hələdə POS-terminal quraşdırılmayan obyektlər var. Əsasəndə rayon ərazilərində bəzi restoranlar, geyim mağazalarında hələdə POS-terminal yoxdur. Ödəniş ya nağd şəkildə olur ya da kartdan karta köçürməklə.
Bəs, belə hallarda vətəndaşı hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı Hüquqşünas Ramil Süleymanov "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında ticarət və xidmətlərin aparılması zamanı nağdsız hesablaşmalar aparılması və eyni zamanda ödəmələrin POS-terminallar vasitəsi ilə həyata keçirilməsi qanunun tələbidir:
"Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi orqanında qeydiyyatdan keçmiş şəxslərin ödənişləri POS-terminallar vasitəsi ilə aparması tələb olunur.
Əhalidən pul hesablaşmalarının aparılması, POS-terminalların quraşdırılması məcburi olan ticarət və xidmət obyektlərdən mütləq şəkildə tələb odur ki, POS-terminalların quraşdırılması həyata keçirilsin.
Əgər POS-terminalın quraşdırılması həyata keçirilməsə bu artıq qanunvericiliyin pozulması hesab olunur. Bu halda istehlakçıların, müştərilərin şikayəti olarsa, bu zaman vergi orqanı vasitəsi ilə müvafiq araşdırma aparılır. Həmin araşdırmaya əsasən əgər pozuntu təqvim ili ərzində birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində üçüncü belə hala yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir".
Hüquqşünas fəaliyyət göstərən zaman biznes subyektlərinin maliyyə sanksiyalarına məruz qalmaması üçün mütləq şəkildə POS-terminalların quraşdırılmasının həyata keçirilməsini tövsiyə edib.
Elnurə Kərimova