Mənəvi-əxlaqi dəyərlər: "İnsanlar teatr və ədəbiyyatdan uzaq düşüblər"-Sosioloqdan ETİRAZ
Bölmə: Mədəniyyət › ,Tarix: 12:42 22.08.2024
"Təəssüflər olsun ki, hazırda insanlar teatr və ədəbiyyatdan uzaq düşüblər. Əsasən onları sosial media əvəz edir. Bunun qarşısı alınmalıdır. Əgər biz mənəvi, əxlaqi tənzimləməni istəyiriksə, kino, musiqi, teatr və ədəbiyyatımız çağırışlara cavab verməlidir".
Bu sözləri "informator.az"a açıqlamasında Sosioloq Üzeyir Şefiyev söyləyib.
Sosioloq kino, musiqi və teatrın sosial rolundan da bəhs edib:
"Kino, musiqi, teatr və ədəbiyyat insanların sosiallaşmasında , xarakterinin formalaşmasında müstəsna rol oynayır. Ümumiyyətlə, insanların sosiallaşmasına təkcə ailə, məktəb, təhsil təsir göstərmir. İnsanlar kino, musiqi, teatr vasitəsilə arınırlar, mənəvi cəhətdən inkişaf edir və formalaşırlar. Kino, musiqi, teatr müxtəlif üsullarla cəmiyyətin sosial xarakterinə təsir göstərir. Kino və musiqi insanların, cəmiyyətin, dövlətin həyatında müstəsna əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, uzun müddət dövlətlər cəmiyyətə yön verərkən, onları mənəvi ideoloji istiqamətləndirərkən kino, musiqi, teatrdan istifadə ediblər. Çünki kino, musiqi, teatr, ədəbiyyatın psixoloji siraət gücü daha təsirlidir. Bu gün də ona çox ehtiyac var".
Üzeyir Şefiyevin sözlərinə görə, bu gün kino, musiqi, teatr və ədəbiyyatımız lazımi çağırışlara cavab vermir:
"İnsanlar ruhi, mənəvi qidanı kino, musiqi, teatrdan alır. Uzun müddət satirik teatrlar, əsərlər vasitəsilə cəmiyyətdə mənəvi, əxlaqi dəyərlər aşılanıb, yön verilib və bu sayədə cəmiyyətdə saflaşma, durulma baş verib. Əfsuslar olsun ki, bəzən sosial şəbəkələr, media uşaq və yeniyetmələrin əxlaqi keyfiyyətlərinə neqativ təsir göstərir, onların davranış pozuntularına gətirib çıxaran paylaşımlar edir. Onlar kino, musiqi, teatrın durğunluğundan istifadə edir və cəmiyyətə mənfi təsir göstərirlər. Halbuki əvvəllər
kino, musiqi, teatr və ədəbiyyatın müsbət qəhrəmanları gənclər, uşaqlar üçün bir örnək idi. Həmin qəhrəmanları özlərinə ideal seçirdilər və bu şəxsiyyətin formalaşmasında daimi rol oynayırdı. Məsələn, özlərini Mehdi Hüseynzadəyə və başqalarına bənzədirdilər. Bu, teatrın, ədəbiyyatın gücü idi. Məsələn; Talstoyun "Dirilmə" əsəri bütün əsər boyu mənəvi cəhətdən günahkar bir insanı tərbiyələndirir. Bu əsərin oxucusu həmin səhvlərdən uzaq durmağa çalışır ki, burada biz əsərin insana müəyyən dərəcədə müsbət təsir göstərdiyini görə bilərik. Bunun kimi, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin tənqidi əsərləri də buna nümunə ola bilər. Lakin cəmiyyəti səhv istiqamətə yönəldən belə sarı ədəbiyyat, kino və s. nümunələri də var. Biz cəmiyyəti onlardan uzaq tutmalıyıq".
Fatimə Abdulrəhimli