Nəsihətləri bitib-tükənməz bir xəzinə idi...Nəsiman Yaqublunun əziz xatirəsinə...
Bölmə: MEDİA › ,Tarix: 19:37 26.08.2024
Nəsiman müəllim! Məhəmməd Əmin Rəsulzadəni yorulmadan təbliğ edən, onu sevib və biz tələbələrinə də sevdirən insan!
Bəli! Nəsiman müəllim tutduğu bu yolda yorulmamağa and içmiş və son ana qədər də andından dönməyən ziyalı ailəmlərimizdəndir! O Azərbaycan elmi üçün nadir tapıntılardan idi. Nəsiman müəllim hər mühazirəsinin sonunda auditoriyaya üzünü tutub deyərdi:-"Ruhunuzu elmlə, savadla qidalandırın".
Onun sözləri qızıl dəyərində idi, nəsihətləri bitib-tükənməz bir xəzinə idi. Hər zaman yaddaşıma həkk olunacaq xatirələrdən biri də budur:-Dərsə bir az gecikmişdim deyə, narahat idim. İti addımlarla auditoriyaya yaxınlaşdıqca anladım ki, müəllim artıq dərs otağındadır. Nəsiman müəllimin əzmi və mühazirələrində olan maraqlı söhbətləri tələbələrin fikrini bir yerə-yalnız müəllimə yönəldirdi. Məhz buna görə də auditoriyada əlavə söhblətlərə yer olmazdı. Cəsarətimi toplayıb qapını yavaşca döydüm. Gecikməyim müəllimin acığına gələcək deyə, bir az da narahat idim. İçəri girən kimi müəllimin sərt ama bir o qədər də maraq dolu baxışlarını hiss etdim. -Üzrlü sayasınız, müəllim!
-Keçin, yoldaş Şəms-deyə, gülümsəyərək əli ilə auditoriyanı işarə etdi. Hər zaman özünün bir qeyd dəftəri də olardı, tələbələrin davamiyyətini qeyd edib saxlayardı. Hə, birdə mühazirələrdə aktiv iştirak edən tələbələri də qiymətləndirmədə unutmazdı. Hər nə qədər "qiymət üçün oxumayın, savadınızı artırmaqda məqsədli və qətiyyətli olun" desə də, obyektiv şəkildə tələbələri qiymətləndirərdi. Mühazirələrində belə o qədər canlı danışardı ki, sanki o dövrü gözləri ilə görmüş və müasirlərinə bəhs edirdi. Mövzu:"Cümhuriyyətin publisistləri idi". Nəsiman müəllim mənə baxıb, -"buyurun, yoldaş Şəms, siz nə düşünürsünüz, bu mövzuda?"
Mühazirəyə yeni adaptasiya olurdum ki, müəllimin bu sualı məni mövzuya bağladı. Həvəsli bir şəkildə çıxışa başladım:
-"Mirzə Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Əhməd bəy Ağaoğlu və.s bu kimi ziyalılarımız Cümhuriyyətimizi daim təbliğ etmiş, xalq üçün çalışmışlar. Onların yazıları bitib-tükənməz xəzinədir, müəllim! Günü bu gün də araşdırılır. (Bu günsə Nəsiman müəllimin yazıları da bizim üçün bitib-tükənməz xəzinədir!)
-"Elədir, yoldaş Şəms!" -Nəsiman müəllim sanki, diqqətimi yoxlayırmış kimi diqqətimin onda olduğunu anladıqda auditoriyaya dönüb sözünə davam etdi!
Hər bir mühazirəsində Cümhuriyyət dövrünü elə mükəmməl təsvir edirdi ki, hətta biz tələbələr belə bir anlıq o dövrü xəyalən təsvir edir və düşüncəmizdə Cümhuriyyəti canlandırırdıq. Axı, biz onların yetirmələri idik. O, həmişə belə deyərdi. Bizə azadlığı daddıranları unuda bilmərik, onları öyrənmək, təbliğ etmək bizim borcumuzdu. Biz də sizi unuda bilmərik, müəllim! "Alim öldü, aləm öldü" deyiminin mənasını dərindən anlasam da, onu qəbul etmək heç də asan deyil, müəllim! Fakültəmizdə yeriniz, mətbuatda iziniz, tələbələrin qəlbində sevginiz hər zaman görünəcək!
Hüseynli Şəms