Alim öldü, aləm öldü... Nəsiman Yaqublunun geridə qoyduğu izlər...

Bölmə: MEDİA › ,
Tarix: 23:47 27.08.2024

Bir neçə ay bundan əvvəl kafedraya gedərək ondan açıqlama almaq istədim. "İndi yorğunam qızım, daha sonra gələrsən",- dedi. Tətil oldu və mən bir də onu görə bilmədim. İndi isə deyirəm ki, kaş ki, daha sonraya saxlamazdım... Kaş ki, yorğun olsa da ondan açıqlamanı alardım. Mən bu fürsəti itirdim. Həyatımızın ən vəfasız sözlərindən biri də bu "kaş ki"lər deyilmi?

Professor Nəsiman Yaqublunun müəllimim olacağını, qarşısında həyəcandan necə dərs danışacağımı düşündüyüm halda indi müəllimlərimdən onun barəsində xatirələrini bölüşmələrini istəyirəm...

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Aygün Əzimova deyir ki, bu gün qəzet səhifələrində, saytlarda tələbələrinin paylaşımlarını oxuduqca görürəm ki, onun tələbələri bir növ müəllimlərinin qarşısında sanki öz duyğularını, ehtiramlarını, sevgilərini paylaşmaqla bir növ özləri-özlərinə təsəlli verirlər:

"Biz klassiklərimizin həyatlarına nəzər salsaq görərik ki, onlar yaşadıqları az dövrdə nə qədər əsərlər ərsəyə gətiriblər. Üzeyir bəyin Azərbaycan qəzetindəki fəaliyyəti dövründə yazdığı məqalələri, eləcə də Rəsulzadənin istər Azərbaycanda, istərsə də mühacirətdə yazdığı yazılarını cildlərlə hesablayanda deyirik ki, onlar bu qədər yazını az ömürlərinə necə sığdırıblar? Mən bunu Nəsiman müəllimə də şamil etmək istəyirəm... Nəsiman müəllim bu az ömründə bu qədər kitabı necə ərsəyə gətirib?
O, bir il ərzində həm tələbələrə dərs deyirdi, mühazirələri, seminarları, rəhbər olduğu magistrları var idi, paralel olaraq istər Azərbaycanda, istərsə də xaricdə arxivlərə gedib, oradan materialları toplayırdı. Bunları düşünəndə adam təəccüblənir...O, bu qədər işi necə çatdırırdı? Onun topladığı materealları biz bugünkü nəslə çatdırmalıyıq, gələcək nəsil üçün ortaya qoymalıyıq...Vaxt tapan kimi xaricə qaçırdı. 1 həftə ya 3 gün tətil varsa xarici ölkədə simpoziumda, beynəlxalq konfranslarda eləcə də arxivlərdə olurdu. O, dincəlməyin nə olduğunu bilmirdi. Və maraqlıdır ki, hər dəfə kitab ortaya qoyanda "mən tapdığım materialları kitab halında sona çatdıranda dincəlirəm, yorğunluğumu zərrə qədər hiss etmirəm" deyirdi... Nəsiman müəllim orjinal alim idi. Onun kitabları gələcək nəsil üçün faktdır, Azərbaycan gerçəkliklərini öyrənmək, tarixi həqiqətləri ortaya qoymaq baxımından çox gözəl mənbədir. Bu kitablar Azərbaycanın mənəvi xəzinələridir.
Sentyabrda kafedrada Nəsiman müəllimin həm fiziki, həm də mənəvi cəhətdən görünməməyi özünü göstərəcək. Nəsiman müəllim kafedrada olanda hər tənəffüs maraqlı fikir mübadiləsi ilə yadda qalırdı.
Nəsiman müəllim xarici ölkədən gələndə tapdığı arxiv materiallarından söhbət salardı. Bu, Şirməmməd müəllimdən qalan bir ənənə idi. O ənənə Nəsiman müəllim tərəfindən davam etdirilirdi.  Nəsiman müəllim, Cahangir müəllim kafedramızda olanda elmi seminar xarakterli fikir mübadiləsi gedirdi. 10 dəqiqəlik çox maraqlı mövzu ətrafında fikirlər söylənilirdi. Kafedrada gənc müəllimlər də olurdu. Onlar da, hətta orta yaşlı nəslin müəllimləri də o tapıntılardan, yeni arxiv məlumatlarından çox şey öyrənirdilər. Nəsiman müəllim məzuniyyətə çıxan kimi Türkiyəyə səfər etdi, Ankarada yeni arxiv materialları əldə etmişdi. Və parlament seçkilərindən sonra onun üzərində işləyib həmin materiallardan yəqin ki, bir neçə kitab hazırlayacaqdı. Çox acı təəssüflə qeyd edim ki, bu iş yarımçıq qaldı...

Bizə həvəslə kitabının İranda nəşr edildiyi xəbərini vermişdi. Demişdi ki, sentyabrda gətirib həmin kitabı sizə göstərəcəm...İranda yaşayan naşir dostumuz İbadi bəy M.Ə.Rəsulzadə ensiklopediyası kitabını nəşr edib gətirib, təşəkkürlər..."

"Şuşaya duman gəlib"

Aygün Əzimova Nəsiman müəllimlə olan bir xatirəsindən bəhs edir:

"Əvvəllər Şuşa erməni təcavüzkarlarının işğalında olanda bir gün Nəsiman müəllim pəncərədən çölə baxırdı. Hava dumanlı idi. Nəsiman müəllim dedi ki, "Aygün xanım, baxın, Şuşaya duman gəlib". Tez qalxıb pəncərdən çölə baxdım, ağladım. Dedim ki, "Nəsiman müəllim, Şuşanın dumanı belə deyil. Şuşanın dumanı topa halda iki dağ arasından yuxarıdan baxanda aşağıdan pambıq zəmisinə bənzəyir".
Nəsiman müəllim Şuşa azad edildikdən sonra ora gedir. Yoldaşı İradə xanıma Cıdır düzündə deyir ki, "İradə, gəl bura bax, Aygün deyən Şuşanın dumanı odur. Baxırsan, dərədə duman var, amma dumanın üstündə aydın hava var". Oradan mənə zəng vurdu ki, "Aygün xanım, mən Şuşanın dumanını burada gördüm". Dedi ki, "Şuşada neçə il fəaliyyət göstərmişəm, amma mən onun fərqinə varmamışdım ki, Şuşada olan dumanın başqa rayonlarda olan dumandan fərqi var".
Nəsiman müəllimlə Şuşamızdan, Zəngilanımızdan danışırdıq, kövrəlirdik. Torpaqlarımız işğaldan azad olunandan sonra dedi ki, "Aygün xanım, bizim daha dərdimiz yoxdur. Torpaqlarımız işğaldan azad edilib".
Nəsiman müəllimdə vətən, millət, bayraq sevgisi var idi. Onda bu sevgilərin hamısı birləşmişdi. Nəsiman müəllimdə Rəsulzadə, Üzeyir sevgisi var idi. Bu sevgiləri ona görə dedim ki, onun tədqiqatlarında bu şəxsiyyətlər böyük rol oynayıb. O, Şuşa ziyalıları, Azərbaycan Cümhuriyyətinin qurucuları haqqında samballı  kitab ortaya qoyub. Hələ mən onun Rəsulzadənin mühacirətdə dərc olunan əsərlərinin cildlərindən danışmıram. 
Nəsiman müəllim bu sevgilərin hamısını tələbələrinin ürəyinə, qəlbinə köçürüb. Və onun tələbələri, kafedra üzvləri bu sevgilərlə paralel olaraq müəllim sevgisini- Nəsiman Yaqublu sevgisini daim qəlblərində yaşadacaqlar".


"Alim öldü, aləm öldü"


BDU Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu təəssüflə bildirir ki, Nəsiman müəllimin itkisi bizim kafedramız üçün, eləcə də fakültəmiz üçün çox böyük itkidir:

"Alim öldü, aləm öldü" deyə bir deyim var. Kafedra öz yerində, biz həm də fakültənin sütunlarından, fakültənin brend müəllimlərindən birini itirdik. Çox təəssüf...Sözlər acizdir. Nəsiman müəllim mənim müəllim olub. Mənə vaxtı ilə dərs deyib. 2011- ci ildən bu yana da eyni kafedrada çalışırdıq. Müəllim yoldaşım olub. Nəsiman müəllimin itkisi mənə çox böyük təsir etdi. Hələ də mən inana bilmirəm, yuxu kimi gəlir. Sanki Nəsiman müəllim yenə də hansısa iş üçün, kitaba material yığmaq üçün bir ölkəyə gedib və ya həmin ölkənin arxivində işləyir. Adama elə gəlir ki, indi oradan şəkil paylaşacaq ki, Türkiyədə, Almaniyada və yaxud da Polşada arxiv sənədləri ilə işləyirəm. Nəsiman müəllimin yoxluğuna inanmaq qətiyyən mümkün deyil. Söz tapmaq olmur. Mən müəllimimi itirmişəm, mən müəllim yoldaşımı itirmişəm, mən dostumu itirmişəm... O dərəcədə təsirli və çətindir. Allah Nəsiman müəllimə qəni- qəni rəhmət eləsin. Ailəsinə və onun sevənlərinə bizim timsalımızda müəllim yoldaşlarının, kafedra yoldaşlarına, fakültə yoldaşlarına həmçinin də çox minli tələbələrinə Allah səbir versin".

BDU Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Diləfruz Hüseynqızının sözlərinə görə, Nəsiman müəllim ədəb-ərkanı ilə, ləyaqəti ilə seçilən müəllimlərdən biri idi.

"Allah ona rəhmət etsin. Heç xatırlamıram ki, Nəsiman müəllim nə vaxtsa kiminsə qəlbinə dəysin. Bizim fakültəmiz üçün çox ağır itki oldu. Danışmağa sözlər acizdir. Ruhu şad, məkanı cənnət olsun".

"Tələbə ilə həm pedaqoq, həm də dost idi"

BDU Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Ramin Rzayev üçün Nəsiman müəllim bir həmkar, bir müəllim kimi, bir pedaqoq kimi, həm fakültəni, həm də tələbələrinin sevimli müəllimlərindən idi:

"O, öz ixtisasını, öz peşəsini, xüsusən də mətbuat tarixini dərindən və mükəmməl bilən bir pedaqoq idi. Rəhmətlik Şirməmməd müəllimdən sonra Azərbaycan mətbuatında Rəsulzadə irsinin ən başlıca daşıyıcılarından onun təbliği ili məşğul olan şəxslərdən idi. Nəsiman müəllimin bu sahədə həm namizədlik, həm də doktorluq işlərinin müdafiəsi var. Nəsiman müəllimin ən üstün cəhətlərindən biri onun vətənpərvər insan olması idi. Vətənini, millətini, xalqını sevən bir şəxsiyyət idi. Çünki o, auditoriyada vətənpərvərlik, dövlətə, xalqa sevgi ilə bağlı, birliklə bağlı məqamlara həmişə toxunurdu. Bu da hər zaman onun tələbələrində özünü göstərirdi. Auditoriyada müəllim adını yüksək səviyyədə daşıya biləcək bir şəxsiyyət, həmkarları arasında hər zaman hörmətə layiq olan bir adam idi.
Dövlət həmişə onu hörmətlə qarşılayıb. Vətənpərvərliyi həm universitet, həm də dövlət həmişə mükafatlandırılıb.
İnsana, şəxsiyyətə, pedaqoqa xarakterik hansı xüsusiyyətlər varsa, həmin xüsusiyyətlər Nəsiman müəllimdə özünü toplamışdı. Onun ən gözəl xüsusiyyətlərindən biri tələbə ilə həm pedaqoq, həm də dost olması idi. Tələbə istənilən sualla bağlı Nəsiman müəllimə yaxınlaşıb sualını verə bilərdi. O, tələbələrini bir dost, bir həmkar olaraq görürdü. Çox təəssüf ki, biz onu itirdik... Nəsiman müəllimin itkisi tək jurnalistika fakültəsi, BDU üçün yox, ölkəmiz üçün böyük bir itkidir. Bu tip şəxslər az- az hallarda yetişir. Nə vaxt baxsanız Polşada, Fransada, İngiltərədə, milli arxivlərdə Azərbaycan mətbuatını araşdırırdı. Yeni məqamları ortaya çıxarırdı. Sırf Rəsulzadə irsinin qorunması ilə bağlı ən böyük kitablardan biri onun hazırladığı ensiklopediyadır. Bir şəxs haqqında ensiklopediya hazırlamaq çox çətindir. Xüsusilə də Azərbaycan dövlətində önəmli bir yerlərdən olan Cümhuriyyət dövrü ilə bağlı.
Nəsiman müəllim son zamanlar Qərbi Azərbaycana qayıdış məsələsinə üstünlük verərək Qərbi Azərbaycanda yetişmiş ziyalıların repressiya və yaxud digər vaxtlarda onların başlarına gələn hadisələr ilə bağlı ədəbiyyatını nəşr etdirmişdi. Elə o ədəbiyyatı da mənə hədiyyə vermişdi. Onların dövlətçiliklə bağlı gördüyü işlərdən bəhs etmişdi. Tam yararlı və stolüstü kitabdır.
Həmişə bir böyük kimi onun hörmətini saxlamışam. Allah ona rəhmət eləsin. Azərbaycan elmi üçün çox böyük bir itki oldu".

"Fenomen yaddaşa malik idi"

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Günel İsgəndər Nəsiman Yaqublunu sözü ilə işi bir olan, elə-belə, söz xatirinə söz deməyən, özünün sözünün üstündə duran, yeri bilinən insan kimi xatırlayır:

"Müəllimlik bütün peşələrin fövqündə dayanan müqəddəs, çox şərəfli bir peşədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. BDU-nun Jurnalistika fakültəsində oxuyarkən tələbələrin, o cümlədən mənim sevimli müəllimlərimdən biri - fakültəmizdə "Azərbaycan mətbuat tarixi" fənnini tədris edən Nəsiman Yaqublu idi.  Həm özünə hörmət qoyan, həm də başqalarına hörmətlə yanaşan şəxsiyyət idi. Çox maraqlı tədris metodikası vardı. Nitqi xalq hikmətləri ilə, həyati hadisələrlə, faktlarla zəngin idi. Həm də fenomen yaddaşa malik idi; illər əvvəl baş vermiş hadisələri dəqiqliyi ilə danışardı, xatırlardı. Hər dəfə mühazirələrinə qalın bir qovluqla gələrdi; qovluğun içində əyani arxiv materialları, sənədlər, fotolar və s. olardı.
Nəsiman Yaqublu bütün varlığı ilə elmə bağlı idi, milli mətbuat tarixi onun üçün həyatın özü idi. Bir alim-pedaqoq, tədqiqatçı kimi Nəsiman müəllimin tədqiqatlarında keçmişlə gələcəyin, tarixiliklə müasirliyin vəhdəti nəzərə çarpardı.
Müəllimim olan Nəsiman müəllimlə, necə deyərlər, çiyin-çiyinə müəllim kimi də çalışmışam. O, kollektivimizdə də auditoriyada olduğu kimi işində dəqiq, səliqəli və tələbkar idi.
Çox vətənpərvər insan idi, sözdə, pafosda yox, ürəkdən sevirdi vətənini, ölkəsini. Nəsiman müəllim ömrünün son günlərinə kimi tədqiqatlarını davam etdirdi, araşdırdı, yazdı, yaratdı. Sizin kimi pedaqoqlar ölmürlər, bir dəfə doğulurlar və həmişə yaşayırlar. Sizi heç vaxt unutmayacağıq, ölümündən sonra da yaşayan, Nəsiman müəllim..."

Milli mətbuat tarixi kafedrasının müəllimi Əminə Elaydının vurğulayır ki, qəlbimizin dərinliyində özünəməxsus yer tutan, həyatımıza dəyər qatan, və eyni zamanda Azərbaycanın elmi və mədəni irsinə böyük töhfələr vermiş olan professor, görkəmli alim Nəsiman Yaqublu ilə vidalaşmaq ağır və kədərli bir hissdir:

"Onun qəfil ayrılığı bizi dərin yasa boğdu...Ancaq onu tanıyanlar yaxşı bilir ki, Nəsiman müəllim sadəcə müəllim deyil, əsl mənəvi rəhbər, dost və yolgöstərən idi.
Nəsiman Yaqublu yalnız görkəmli alim və professor deyildi; o, həm də Azərbaycan tarixini dərindən araşdıran, Məhəmməd Əmin Rəsulzadə haqqında bir çox kitabların və tədqiqatların müəllifi idi. Onun elmi işləri və araşdırmaları, xüsusilə Rəsulzadə irsinin tanıdılması və təbliği sahəsindəki əvəzsiz töhfələri, gələcək nəsillər üçün vacib mənbə olaraq qalacaq. Həyatının böyük bir qismini araşdırmaları üçün arxivlərdə keçirən Nəsiman Yaqublu tariximizin bilinməyən məqamlarını üzə çıxarmaq üçün fədakarlıqla çalışmışdı. Onun çoxsaylı elmi işləri və dəyərli araşdırmaları Azərbaycan tarixinin işıqlandırılması üçün müstəsna əhəmiyyət daşıyır.
Nəsiman Yaqublu Azərbaycanın tarixini və mədəniyyətini təkcə ölkə daxilində deyil, eyni zamanda dünya səhnəsində də tanıdan bir alim idi. O, fərqli ölkələrə səyahət edərək, müxtəlif beynəlxalq konfranslarda və elmi tədbirlərdə iştirak etmiş, tariximizlə bağlı təqdimatlar edərək, Azərbaycanın zəngin tarixi mirasını dünya alimlərinə çatdırmışdır. Nəsiman müəllimin bu beynəlxalq fəaliyyətləri, onun yalnız milli deyil, eyni zamanda qlobal miqyasda da elmi nüfuzunu artırmışdı.
Nəsiman müəllimlə birgə çalışmaq mənim üçün böyük şərəf idi. O, hər zaman mənəvi və elmi dəstəyi ilə həyatımda və karyeramda önəmli rol oynadı. Hər dəfə kafedrada məni gördükdə "Utanma, nə lazımdırsa soruş, hər zaman yanındayıq," deyərdi. O, həmişə bizi bir ailə kimi görər və "Biz bir ailəyik, sən də bizim ailəmizin üzvüsən," sözləri ilə bizə olan sevgisini və dəstəyini ifadə edərdi. Onun məsləhətləri, dəstəyi və nümunəvi davranışı məni həmişə ruhlandırıb və istiqamətləndirib. Onun sadəcə bir müəllim kimi deyil, həm də bir dost kimi verdiyi töhfələr, mənim üçün dəyərli xatirələr olaraq qalacaq... Bu gün biz Nəsiman Yaqublunu itirsək də, onun adı və xatirəsi həmişə qəlbimizdə yaşayacaq. O, tarixə, elmə və mədəniyyətə olan sevgi və bağlılığı ilə yad ediləcək. Onun əsərləri, bizə bir daha onun elmi və mənəvi irsinin nə qədər qiymətli olduğunu xatırladacaq. Biz, onun yolunu davam etdirərək, Nəsiman Yaqublunun arzu və ideallarını yaşatmağa çalışacağıq.
Əziz Nəsiman müəllim, ruhun şad olsun. Sənin yoxluğun dərin bir boşluq yaratsa da, sənin xatirən bizə həmişə yol göstərəcək".

"Həmişə harasa tələsirdi"

Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müəllimi Kənan Novruzovun fikrincə, sərt adam kimi görünsə də, əslində göründüyü kimi deyildi. Sadəcə nizam- intizamı sevirdi:

"Görkəmli tarixçi, Azərbaycan Xalq Cümhuriyyətinin və onun banisi Məhəmməd Əmin Rəsulzadənin tədqiqatçısı, prefessor Nəsiman Yaqublu mənim də müəllimim olub. Hər dəfə dərsə özü ilə birlikdə müxtəlif kitablar, sənədlər gətirirdi. Dərsi mümkün qədər maraqlı etməyə çalışırdı.
Auditoriyanı idarə etməyi yaxşı bacarırdı. Hərdən bir gərgin mühiti yumşaltmaq üçün zarafat edər və xəfif təbəssümlə “Arada bu da lazımdır da” deyərdi.
Mən məzun olub, fakültəmizdə müəllim kimi fəaliyyətə başlayandan sonra da dəstəyini əsirgəmədi. Keçən il onun dərsinin seminarını aparırdım. Bir dəfə məni yanına çəkib dedi: "Qardaş, sən hələ gəncsən. Çətinliyin ola bilər. Nə lazım olsa de, mən həll edəcəm". Söhbətin kollekviumlardan, qiymətləndirmələrdən getdiyini yaxşı bilirdim...
Nəsiman müəllim şişirtmə qiymət yazmağı heç vaxt sevmirdi. Bunu mənə də tövsiyə edirdi. Deyirdi ki, yalnız obyektivliklə tələbəyə nə isə öyrədə bilərsən. Sürətlə gəzirdi. Həmişə harasa tələsirdi. Bir dəfə belə olsun gecikdiyini görməmişəm. Amma bu dəfə çox tələsdi. Yeri həmişə görünəcək...
Dünən vəfat xəbəri artıq yayılandan sonra bir nəfərlə onun haqqında danışırdım. Göndərdiyim səsli mesaja sonradan bir də qulaq asdım. “Sağ olsun, həmişə dəstək olurdu”, demişdim. Paradoksdur. Artıq haqq dünyasına qovuşmuş insan haqqında “sağ olsun” demişdim. Bəlkə də, Allah dedirtmişdi bu sözü: çünki Nəsiman müəllim elə işlər görmüşdü ki, hələ sağlığında həm o dünyanı, həm də bu dünyanı qazandı. Əminəm ki, o, sevdiklərinin, tələbələrinin xatirəsnidə əbədi yaşayacaq".

Banuçiçək Kalbalıyeva