Problemli kreditlərin sayında AZALMA: "...ciddi nəzarət olmalıdır"-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:08 26.09.2024

Azərbaycanda problemli kreditlərin məbləği 11 %-dən çox azalıb.

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 473,1 milyon manat təşkil edib. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,8 % artıb, son 1 ildə isə 11,45 % azalıb.

Azalma kortəbiidir, yoxsa bununla bağlı hər hansı işlər görülür?

Mövzu ilə bağlı bank eksperti Əkrəm Həsənov "informator.az" a açıqlamasında azalmanın səbəblərindən danışıb:

"Azalmanın 2 səbəbi ola bilər: ya o kreditlər batıb, yəni hansısa problemli kreditlər tam ümidsiz kreditlər kimi qaytarıla bilməyib və silinib. İkinci səbəb isə odur ki,  kredit qaytarılıb, bu, müxtəlif yollarla könüllü, məhkəmə yolu ilə, girovun satışı ilə, hüquqi mühafizə orqanlarınin işə müdaxiləsi ilə və s.(belə hallar da olur, amma bu qanunsuzdur)

Əgər kreditləri banklar qaytara bilibsə, bu bank sistemi üçün yaxşı haldır. Əgər qaytara bilməyib siliblərsə, bu bank sistemi üçün heç də yaxşı hal deyil. Biz isə bunu bilmirik, çünki bunun açıqlamasını vermirlər. Kreditləri qaytarmaq üçün isə müəyyən tədbirlər görülür ( məhkəməyə verilir, hərracda satılır, kollektorlar müdaxilə edir, müştəri üçün müəyyən güzəştlər olur və s.)".

Ekspert problemli kreditlərdəki günah obyektlərindən bəhs edib:

"Bu hal müxtəlif səbəblərdən olur. Bir hissəsi var ki, bu, tərəflərdən asılı deyil. Bəzən isə banklar düzgün ölçüb-biçmirlər deyə belə səbəblər baş verir. Bəzən bank işçiləri bunu bilərəkdən edirlər, yəni rüşvət alırlar və qabaqcadan məlum olan qaytarılmayan kredit verirlər. Bəzən bank sahibləri öz firmalarına belə kreditləri çox iri məbləğdə verirlər ki, getsin,  gəlməsin. Yəni onlar faktiki olaraq müştərilərin pulunu yeyirlər. Bəzən isə elə olur ki, sahibkarlar özləri haqqında düzgün məlumat vermirlər. Bu vəziyyətin aradan qaldırılması üçün banklarda ciddi nəzarət olmalıdır".

Sevinc Zeynalova