BDU-da “Jurnalistika təhsili və “Tədris xəstəxanası” modeli” mövzusunda elmi seminar keçirilib
Bölmə: MEDİA › ,Tarix: 22:57 10.10.2024
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərovanın “Jurnalistika təhsili və “Tədris xəstəxanası” modeli” mövzusunda elmi seminarı keçirilib.
Seminarda fakültənin professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Əvvəlcə çıxış edən kafedra müdiri, dosent Xatirə Hüseynova bildirib ki, A.Cəfərova Amerika Birləşmiş Ştatlarında “ABŞ institutlarının öyrənilməsi” (“SUSI for scholars”) adlı akademik tədqiqat proqramında iştirak edib. Elmi seminarın mövzusu Arizona Dövlət Universitetində Jurnalistika təhsilində tətbiq olunan model və onun Azərbaycanda jurnalistika təhsili ilə müqayisəli təhlilinə həsr olunub.
A.Cəfərova hazırda dünyada jurnalistika təhsilində olan yeniliklər, Walter Cronkite Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbində tətbiq olunan “Tədris xəstəxanası” modeli barədə ətraflı çıxış edib. Anzulə Cəfərova bildirib ki, Jurnalistika və tibbi təhsilin müqayisə olunduğu modeldə Jurnalistikanın sağlam cəmiyyətə birbaşa təsiri vurğulanaraq tələbələrin bu istiqamətdə peşəkar qabiliyyətlərə yiyələnmələrinin önəmi göstərilir. O, bildirib ki, həmin modelin uğuru əsasən müəllim, tələbə və peşəkarların birgə fəaliyyətinə əsaslanır. Məruzəçi həmçinin BDU-nun Jurnalistika fakültəsində bu modelin tətbiqi ilə bağlı atılan addımları xüsusi dəyərləndirib.
İnteraktiv şəkildə keçən elmi seminarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.