Jurnalistika fakültəsinin doktorantları media ilə bağlı təklif irəli sürüblər
Bölmə: MEDİA › ,Tarix: 19:44 11.10.2024
Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib.
"İnformator.az" xəbər verir ki, Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən toplantıda əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib. Sonra ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş Vətən övladlarının, şəhid olmuş və və dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda əsas məruzəçi MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub. V.Zifəroğlu siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu mövzusunda çıxış edib.
Tədbirdə, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantı Nurşərəf Tağıyevanın və İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, BDU Jurnalistika fakultəsinin doktarantı, Sünbül Zalovanın "Azərbaycan mediasında Beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri: səbəbləri və həlli yolları" mövzusunda birgə təqdimatları olub. Tədqiqatçılar çıxışlarında trendlərin əhəmmiyyətindən, süni intellekt texnologiyalarının jurnalistikaya tətbiqinin yarada biləcəyi üstünlük və problemlərdən söz açıblar. Həmçinin “Azərbaycan internet mediasında trendlərin tətbiqi” adlı sorğunun nəticələrini təqdim edərək, təklif və tövsiyələrini səsləndiriblər.