Bakının "Rəqəmsal əkizi" yaradılacaq -Mütəxəssis Detalları AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 10:41 14.10.2024

Rəqəmsal əkiz, real dünya məlumatlarından istifadə edərək bir prosesin və ya məhsulun necə işləyəcəyinə dair simulyasiyalar yaradan qabaqcıl texnologiyalardan biridir. Bu texnologiya, fiziki obyektlərin və sistemlərin rəqəmsal modellərini yaratmağa imkan verir, beləliklə onların performansını və davranışını analiz etmək və optimallaşdırmaq mümkündür.

Bəs, Bakının "Rəqəmsal əkizi"nin yaradılmasının hansı əhəmiyyətləri var?

Bu barədə "İnformator.az"a danışan İKT eksperti Elvin Abbasov deyir ki, uzun müddətdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı və Abşeron regional aqlomerasiyası üzrə rəqəmsal əkizin yaradılması istiqamətində işlər aparılırdı:

"Beynəlxalq məsləhətçi şirkətin də cəlb olunması ilə hazırlanan rəqəmsal əkiz 2023 ildən istifadəyə verilib. Bakının rəqəmsal əkizi yaradılaraq şəhərin yolları, ictimai obyektləri və digər infrastrukturu haqqında məlumatlar toplanır və analiz edilir. Bu, şəhər mobilliyinin təmini və nəqliyyat qərarlarının təsirini öncədən proqnozlaşdırmaq üçün istifadə olunur. Burada nazirliyin strukturları ilə yanaşı, digər dövlət və özəl təşkilatlardan, həmcinin mobil operatorlardan və naviqasiya şirkətindən böyük həcmli rəqəmsal məlumat toplanmışdı. Bu layihəni ölkəmiz naminə üçün mühim əhəmiyyətli və faydalı layihələrdən biri hesab edirəm".

Ekspertin sözlərinə görə, Rəqəmsal əkiz sistem bir çox üstünlüklər təqdim edəcək:

"Nümunə olaraq bir necəsini sadalayaya bilərik:

1. Nəqliyyatın Optimallaşdırılması: Rəqəmsal əkiz vasitəsilə şəhərin nəqliyyat axını və tıxaclar real vaxtda izləniləcək. Bu, nəqliyyat planlaşdırıcılarına daha effektiv qərarlar qəbul etməyə və tıxacları azaltmağa imkan verəcək.

2. İnfrastrukturun İdarə Edilməsi: Şəhərin yolları, ictimai obyektləri və digər infrastrukturu haqqında məlumatlar toplanaraq analiz ediləcək. Bu, infrastrukturun daha yaxşı idarə olunmasına və təmir işlərinin vaxtında aparılmasına kömək edəcək.

3. Ətraf Mühitin Mühafizəsi: Rəqəmsal əkiz sistemi ətraf mühitin monitorinqi və idarə olunması üçün də istifadə edilə bilər. Məsələn, hava keyfiyyəti və səs-küy səviyyələri izlənilərək, ətraf mühitin qorunması üçün tədbirlər görülə bilər.

4. Fövqəladə Halların İdarə Edilməsi: Fövqəladə hallar zamanı rəqəmsal əkiz sistemi vasitəsilə şəhərin müxtəlif bölgələrindəki vəziyyət real vaxtda izlənilə bilər. Bu, təcili yardım xidmətlərinin daha sürətli və effektiv şəkildə yönləndirilməsinə imkan verəcək.

5. İqtisadi İnkişaf: Rəqəmsal əkiz sistemi şəhərin iqtisadi fəaliyyətlərini dəstəkləyərək, yeni iş yerlərinin yaradılmasına və investisiyaların cəlb olunmasına kömək edəcək. Bu, şəhərin ümumi iqtisadi inkişafına müsbət təsir göstərəcək.

"Rəqəmsal əkiz" texnologiyasının tətbiqi ilə şəhər mobilliyi və idarəetmə prosesləri daha effektiv və müasir olacaq.

Son olaraq qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli müvafiq sərəncamı ilə Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Dövlət başçısının 22 noyabr 2023-cü il tarixli müvafiq fərmanı ilə təsdiq edilən əsasnaməsində də qeyd olunduğu kimi, müxtəlif dövlət qurumlarının nümayəndələrinin daxil olduğu şuraya sədrliyi rəqəmsal inkişaf və nəqliyyat naziri edəcək. Əsasnaməyə görə, ölkədə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məhz Nəqliyyatı Əlaqələndirmə Şurasına həvalə edilib".

Nigar Səmədli