Uşağın valideyn himayəsindən çıxarılmasının psixoloji təsirləri-RƏY
Bölmə: Sosial › ,Tarix: 14:36 30.10.2024
Bir halda ki, uşağın saxlanılmasına dair valideynlərdən biri bu borcunu yerinə yetirmədikdə, o zaman nikah pozulmadan uşaq kimin himayəsindədirsə, qarşı tərəfdən alimentin alınması ilə bağlı iddia qaldıra bilər.
Belə bir hal ailə bağlarına və uşağa necə təsir edir?
Mövzu ilə bağlı Psixoloq,
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "informator.az"a açıqlamasında bildirib ki, valideynlərdən birinin digərindən aliment tələb etməsi ailə bağlarına təsir göstərə, xüsusən də uşaqların bu vəziyyətə şahid olması ailədaxili münasibətlərdə gərginlik yarada bilər:
"Alimentin tələb olunması, qarşı tərəfdə maliyyə öhdəliklərini yerinə yetirməyən valideynə qarşı narazılıq hissi doğura və ailə münasibətlərini pisləşdirər. Bu, ailə üzvləri arasında soyuqluğa və bir-birinə olan inamın azalmasına gətirib çıxara bilər.
Bu cür hallar uşağın psixologiyasına da mənfi təsir göstərər. Uşaq, valideynlər arasındakı maliyyə mübahisələrinə şahid olduqda və ya bir valideyn digərinə qarşı narazılıq ifadə etdikdə, özünü təzyiq altında və günahkar hiss edə bilər. Bu vəziyyət uşağın emosional inkişafına, özünə inamına mənfi təsir göstərər. Uşaqlar valideynlərindən sevgi və sabitlik gözləyirlər; belə vəziyyətlər isə onları narahat və qeyri-müəyyən hiss etdirə bilər. Bu səbəbdən, ailə daxilində bu mövzuda açıq və sakit dialoqun qurulması, uşağın psixoloji rahatlığı üçün xüsusi əhəmiyyət kəsb edir".
Elnurə Kərimova