Azərbaycan Muğamı: Milli Sərvətimiz Dünya Arenasında Tanınır!-Musiqişünas AÇIQLAYIR

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:19 04.11.2024

"Muğam sənəti Azərbaycanda öz zəngin tarixindən ilhamlanaraq, müasir ifaçılar tərəfindən yenidən canlandırılır. Azərbaycanın musiqi mədəniyyətində mühüm yer tutan bu dəyərli sərvəti qlobal miqyasda tanıtmağa həsr olunan yorulmaz sənətkarların varlığı sevindirici haldır".

 

Bu sözləri "informator.az"a açıqlamasında Musiqişünas Aytən Oqtayqızı söyləyib. Musiqişünas muğamın dünya səviyyəsində tanıdılması ilə bağlı görülən işlərdən də bəhs edib:

 

"Azərbaycan muğamı milli-mədəni sərvətimizin ayrılmaz bir hissəsidir. 2008-ci ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş bu sənət nümunəsi, bəzi mənbələrə əsasən, qızıl vala yazılaraq kosmosa göndərilmişdir. Muğamın dünya səviyyəsində tanınmasında ölkə rəhbərliyi və xüsusilə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın böyük əməyi olmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli bəstəkar Arif Məlikov tərəfindən muğam haqqında kitab nəşr etdirilmişdir. Azərbaycan musiqisinin inkişafında və muğamın elmi öyrənilməsində Üzeyir Hacıbəylinin rolu əvəzsizdir. Hacıbəyli Azərbaycan professional musiqisinin banisi olaraq xalq musiqisinin dərinliklərinə enərək muğamı tədqiq etmiş və inkişaf etdirmişdir. Onun yaratdığı məktəb müasir dövrdə də davam edir; bu gün bəstəkarlar, xanəndələr və instrumental ifaçılar milli musiqimizi həm təbliğ edir, həm də öyrənirlər. Xalq və Əməkdar artistlər, müəllim və tələbələr milli musiqimizin dünya miqyasında tanıdılması üçün səy göstərirlər".

 

Aytən Oqtayqızının sözlərinə görə, muğam sənəti Azərbaycanda öz zəngin tarixindən ilhamlanaraq, müasir ifaçılar tərəfindən yenidən canlandırılır:

 

"Görkəmli şəxsiyyətlər — Xan Şuşinski, Səid Şuşinski, Cabbar Qaryağdıoğlu, Alim Qasımov və digərləri bu irsi layiqincə təmsil edərək dünya arenasında tanıtmağa davam edir. Azərbaycanın musiqi mədəniyyətində mühüm yer tutan bu dəyərli sərvəti qlobal miqyasda tanıtmağa həsr olunan yorulmaz sənətkarların varlığı sevindirici haldır".

Fatimə Abdulrəhimli