Yupiterin peyki Avropaya kosmik gəmi buraxılıb
Bölmə: Maraqlı › ,Tarix: 21:53 07.11.2024
ABŞ- nin Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan Yupiterin peyki- Avropada həyat əlamətlərini axtarmaq üçün kosmik gəmi buraxılıb. Qeyd olunub ki, bu, sirli ayın buzlu səthinin altında Yerdəki suyun miqdarından iki dəfə çox olan nəhəng bir okean ola bilər.
Məlumatda "Europa Clipper" adlı kosmik gəmi keçən il buraxılan Avropa Kosmik Agentliyinə (ESA) aid kosmik gəmidən əvvəl hədəfə çatacağı bildirilib. Onların burada kəşf etdikləri, Günəş sistemində həyat haqqında bildiklərimizi dəyişə bilər. 5 milyard dollara başa gələn səfərə hazırlıq illərdir davam edir. Uçuş keçən həftə Florida ştatını vuran Milton qasırğasından sonra təxirə salınıb. Kosmik gəmi oktyabrın 14-də yerli vaxtla saat 12.06-da (CET 19.06) buraxılıb.
Planetar mikrobioloq Mark Foks-Pauell deyir: “Günəşdən bu qədər uzaqda həyatın kəşfi həyatın Yerdən ayrı mənşəli olması demək olardı. Günəş sistemimizdə başqa yerdə həyat aşkar edilərsə, bu, həyatın həqiqətən də geniş yayıldığı anlamına gələ bilər. Avropa Yerdən 628 milyon km uzaqdadır və Aydan bir qədər böyükdür. Görmə diapazonumuz daxilində olsaydı, əks etdirəcəyi günəş işığı buzlu səthinə görə beş dəfə daha parlaq olardı. Peykin buz qalınlığı 25 km- ə qədər ola, eləcə də buzun altında sadə həyat üçün lazım olan duzlu su və kimyəvi maddələrdən ibarət böyük okean ola bilər".
Qeyd edək ki, alimlər Avropada həyatın ola biləcəyini ilk dəfə 1970-ci illərdə Arizona ştatında teleskopla baxdıqda və su buzu gördükdə anlayıblar. Voyager 1 və 2 kosmik gəmiləri Ayın ilk yaxından şəkillərini çəkib, daha sonra 1995-ci ildə NASA-nın "Galileo" kosmik gəmisi Avropanın yanından keçərək heyrətamiz görüntülər çəkib. Bu fotoşəkillər tünd qırmızı- qəhvəyi çatlarla dolu bir səthi göstərib və burada həyatı qoruya bilən duz və kükürd birləşmələrinin ola biləcəyi söylənilib. James Webb teleskopu Avropanın səthindən 160 kilometr hündürlükdə səpilən su gölməçələrinə bənzəyən görüntüləri də aşkar edib. Lakin bu səyahətlərin heç birində Avropaya onu həqiqətən başa düşmək üçün kifayət qədər uzun müddət ayrılmayıb.
Mənbə: BBCTürk
Aytac Kərimova