Ölkəmiz COP29-a ev sahibliyi edir - Reportaj
Bölmə: Mədəniyyət › ,Tarix: 22:04 13.11.2024
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kovensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi davam edir. Bu gün biz də "İnformator.az" komandası olaraq bu mötəbər tədbirin qonağıyıq.
Yaşıl zonaya çatmadan əvvəl bizi Azərbaycan bayrağının rənglərinə bürünən Bakı Olimpiya Stadionu qarşılayır. Xarici vətəndaşların çoxluğundan və geyimlərindən bilmək olur ki, müxtəlif ölkələrdən müxtəlif vəzifəyə sahib olan insanlar bu tədbir üçün ölkəmizə gəliblər.
Yaşıl zonaya daxil olan hər kəs diqqətlə yoxlanılır. İçəri geniş və bir o qədər də istidir. Hər şey insanların rahatlığı və ekologiya ilə bağlı problemlərin daha yaxşı işıqlandırılması üçün düşünülüb. Müxtəlif pavilyonlar var. Hər biri ilə tanış olmağa çalışırq. Azərbaycan xalçaçılığının nadir inciləri, ən qədim tikmə növü olan təkəlduzun nümayişi, incəsənət nümunələri, ölkə ərazisinin kiçik maketi diqqət çəkir. Xaricilər də öz maraqlarını gizlədə bilmirlər. Bir neçəsi ilə ünsiyyət yaradıb təəssüratlarını soruşuruq. Ölkəmizin bu tədbirə çox yaxşı ev sahibliyi etdiyini deyirlər.
İncəsənət nümunələrinin nümayiş edildiyi pavilyona yaxınlaşırıq. Qırmızı gildən hazırlanan və müasir şirələmə üsulları ilə zənginləşdirilən keramika nümunələri göz oxşayır.
İngilis və Azərbaycan dilində ekoloji problemlərin işıqlandırıldığı böyük afişaları hər yerdə görmək mümkündür.
Qonaqların rahatlığı üçün hər şey düşünülüb. Çox geniş ərazini əhatə edən yeməkxanada Azərbaycan mətbəxinə mənsub fərqli və ən ləziz təamlar var. Bu Azərbaycanın kulinariyasının da zəngin olduğunun sübutudur.
Saata baxırıq artıq vaxt tamamdır. Bu an könüllülərin Xudayar təsnifini oxuması isə yerinə düşür. Vətənpərvərlik hisslərinin oyatdığı qürurla Yaşıl zonanı tərk edirik.
Banuçiçək Kalbalıyeva