“Cəfər Cabbarlının “Almaz” əsəri müasir dövrdə” - Vətəndaş A
Bölmə: Mədəniyyət › ,Tarix: 19:12 16.11.2024
"Azərbaycan filminin gələcəyi bu günündən asılıdır. Gördüyünüz kimi keyfiyyətli layihələr çəkilir. Əgər keyfiyyət varsa, deməli rejissor, ssenarist, operator, rəssam, bəstəkar, prodüser bir sözlə komanda var",- bu sözləri “Vətəndaş A” serialının quruluşçu rejissoru Elvin Rüstəmzadə “informator.az”a müsahibəsi zamanı qeyd edib.
“Vətəndaş A” serialı Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilmişdir. Bəs, serialın əsas mesajı nədir, nə üçün bu mövzunu seçdiniz?
— Bildiyiniz kimi, Cabbarlının "Almaz" pyesində əsas tənqid hədəfləri sırasında xurafat, elmsizlik, cəhalət yer alır. XXI əsrdir və təəssüf ki, bu problemlər hələ də aktualdır. Cabbarlı kimi biz də biganə qalmaq istəmədik və qərara alındı ki, "Almaz" pyesi müasir dövrə adaptasiya edilsin.
Qeyd edim ki, ssenari müəllifi Asiman Ağa Rövşəndir. Və serialdan da gördüyünüz kimi, uğurlu ssenaridir. Qəhrəmanımız Almaz yenilikçidir. O, mütərəqqi prinsipləri əsas götürür və xilas yolunu elmdə, təhsildə görür. Elə biz də. Belə maarifləndirici layihələrə yer ayırdığı üçün İctimai TV rəhbərliyinə təşəkkür edirəm.
Bildiyim qədərilə çəkilişləri dağətəyi rayonda aparmısınız. Çəkiliş zamanı hansısa çətinliklərlə qarşılaşdınızmı?
— Çəkilişlər Daşkəsən rayonu Bayan kəndində reallaşdırılıb. Hər səhər Gəncədən 20 km yol gedirdik Bayana. Bayan kəndi qayaların üzərində inşa edilib. İlk başlarda çıxıb-düşmək bir az çətinliklər yaradırdı, amma zaman keçdikcə öyrəşdik. Həə.. bir də yağış. Yağış məsələsi xeyli yubandırdı bizi. İqlimi maraqlı bölgədir. Günəş yandırır, amma qəfil yağış başlayır.
Çəkiliş etdiyiniz rayonda sakinlərin düşüncəsi necə idi? Serialdakı fikirləri əks etdirirdi?
— Səmimi deyim, hələ təzə-təzə çəkilişlərə başladığımız zamanlarda hiss edirdim ki, sakinlərin bəziləri bizi sevmirlər. Hətta, komandanın texniki işçilərindən biri şortik geyindiyi üçün sakinlərdən iki, üç nəfər narazılıqlarını bildirmişdi. Günlər keçdikcə hamısı ilə ünsiyyət qurmağa başladıq və dostlaşdıq. Hətta, o qədər qaynayıb-qarışdıq ki, bir də baxdım artıq kənd sakinlərinin ləhcəsində danışıram. Onu da bildirim ki, sakinlərin çoxunu aktyor kimi seriala çəkmişəm. "Vətəndaş A"-ya artıq iş kimi baxırdılar. Bir də gördüm gəlib soruşur "Mənim bu gün çəkilişim var?" Bir sözlə, o aylar ərzində demək olar ki, bizdən biri oldular. Bayan camaatına qonaqpərvərlikləri üçün minnətdaram!
Gələcək layihələriniz haqqında biraz məlumat verə bilərsiniz?
— Yeni film çəkmişəm, "Otel Loo". Hələ ki montaj prosesindədir. Komediya janrıdır. Bu filmin də ssenari müəllifi Asimandır. O filmdə həm də aktyor kimi iştirak edir. Qeyd edim ki, onun öz ixtisası aktyorluqdur və istedadlı aktyordur. Əsas rollarda Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadədir. Günəşi siz "Vətəndaş A"-dan tanıyırsınız. O, Almaz obrazını oynayır. Film fevral ayından kinoteatrlarda olacaq.
Azərbaycan kinosunun gələcəyi və inkişafı haqqında nə düşünürsünüz?
— Azərbaycan filminin gələcəyi bu günündən asılıdır. Gördüyünüz kimi keyfiyyətli layihələr çəkilir. Əgər keyfiyyət varsa, deməli rejissor, ssenarist, operator, rəssam, bəstəkar, prodüser bir sözlə komanda var. Bəs nə etmək lazımdır? Bu işləri davamlı etmək lazımdır. Bəs bu necə baş tutacaq? "Büdcə!" Vəssalam. Yaxşı film çəkmək üçün zaman gərəklidir. Zamanı isə kinoda pulla almaq olur.
Türkanə Meşədiyeva