"Zamin şəxs borclunun öhdəliyini təmin etmək məsuliyyətini daşıyır..."
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:40 16.11.2024
Kredit götürmək hər bir şəxsin maliyyə məsuliyyətini öz üzərinə götürməsi deməkdir. Lakin borcalanın gözlənilməz şəkildə vəfat etməsi halında yaranan borc öhdəliyi ilə bağlı suallar ortaya çıxaraq bu vəziyyətdə kreditin kim tərəfindən ödənilməli olduğu həm hüquqi, həm də etik müzakirələrə səbəb olur.
Bəs kredit götürən şəxs vəfat edərsə, onun borcunu kim ödəməlidir?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında hüquqşünas Emil Qurbanov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.4-cü maddəsinə əsasən, borclunun ölməsi zaminlik müqaviləsinin xitam verilməsinə əsas sayılmadığını bildirib:
"Zamin şəxs borclunun öhdəliyini təmin etmək məsuliyyətini daşıyır. Lakin zaminin məsuliyyəti borclunun ölüm tarixindən mirasın qəbul edildiyi günə qədər dayandırılır. Bu şərt zaminin məsuliyyətinin qüvvədə qalması üçün vərəsələrin mirası qəbul etməsi ilə əlaqəlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, borclunun ölümündən sonra mirası qəbul edən vərəsələr, miras açıldığı gündən onlara çatan miras payı miqdarında miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar".
"Həmçinin, Mülki Məcəllənin 269, 317.1 və 319.1-ci maddələri ilə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, borclu və ya borclunun ölümündən sonra vərəsələr öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə (əsas borcun pozulması halında), kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarı bu hüquqi çərçivəni konkretləşdirir və vərəsələrin borclunun kreditorları qarşısında məsuliyyət daşıdığını bir daha vurğulayır".
Emil Qurbanovun sözlərinə görə, məsuliyyəti ilə bağlı müəyyən edilmiş şərtlər kreditorlara zaminə qarşı hüquqi iddialar irəli sürmək imkanını təmin edir:
"Bu qərar vərəsələrin hüquqi məsuliyyətlərini aydın şəkildə müəyyən edərək borclu və ya zaminin öhdəliklərinin yerinə yetirilməməsi halında kreditorların hüquqlarının qorunmasına xidmət edir",-deyə o, fikirlərini yekunlaşdırıb.
Zəhra Məmmədova