Texnologiyanın inkişafı - irəliləyiş, yoxsa təbii həyatla vidalaşma?

Bölmə: Sosial › ,
Tarix: 14:49 18.11.2024

Gündən-günə sürətlə inkişaf edən texnologiya, həyatımızı əhəmiyyətli dərəcədə dəyişdirərək bir çox çətinlikləri aradan qaldırır və əlçatmaz olanı mümkün edir. Bu irəliləyişlər həyatımızı asanlaşdırsa da, təbiilikdən və yaşıl mühitdən uzaqlaşmağımıza səbəb olurmu sualını beynimizdə yaradır.

 

Texnologiyanın üstünlükləri ilə təbii həyat arasındakı bu balans cəmiyyətin diqqət mərkəzində duran aktual mövzulardan biridir.

 

Mövzu ilə əlaqədar ətraf mühitin qorunması üzrə ekspert, ekoloq Qorxmaz İbrahimli “İnformator.az”a açıqlamasında bildirib ki, texnologiyanın inkişafı hər zaman olub, ancaq XXI əsrin ikinci onilliyindən etibarən daha sürətlə inkişaf etməyə başlayıb:

 

 "Bunun ən mötəbər nümunəsi kimi süni intellektin yaranmasını göstərmək olar. Süni intellekt həyatımıza daxil olandan hər şey asanlaşsa da, biz süni intellektlə yaşamaq, onunla baş etmək üçün hər zaman bilinçli, savadlı olmalıyıq. Bu baxımdan texnologiyanın inkişafına sevinirəm və ümid edirəm ki, bizim alimlərimiz də bu sahədə çox aktiv olacaqlar”.

 

Ekspert texnologiyanın inkişafını təbii həyatdan uzaqlaşma kimi görməməyi və bunun üçün diqqətli olmağı tövsiyə edir:

 

“Çünki süni intellektin əsas hədəflərindən biri də budur ki, dünyada hər şey asanlaşdığı kimi yaşam da gözəlləşməlidir. İnsanlar öz yaşamlarını ənənəvi olaraq davam etdirməlidirlər. Bu baxımdan hesab edirəm ki, biz təbiilikdən və yaşıl təbiətdən uzaqlaşa bilmərik. Doğrudur, bu gün çox şeyi texnologiyanın hesabına sürətlə öyrənirik, ancaq nə etsək də, təbii, ənənəvi məşğuliyyətlərimiz hələ də öz varlığını qoruyub saxlaya bilir. Buna misal olaraq kitab oxumağı göstərə bilərik. Bu gün biz elektron kitabları daha tez əldə edirik, nəinki ənənəvi kitablar, ancaq biz yenə də ənənəvi kitab, jurnal, qəzet oxumağa davam edirik və bundan zövq alırıq”.

 

Ekspert texnologiyanın inkişafının insanları təbiilikdən uzaqlaşdırmaması üçün dövlətlərin də müəyyən tədbirlər görməli olduğunu vurğulayıb:

 

“Məsələn, Azərbaycan Respublikası vətəndaşların maarifləndirilməsini, xüsusilə, ibtidai təhsil haqqında qanun qəbul etməli və ibtidai təhsil elə bir incəliklə hazırlanmalıdır ki, vətəndaşlar həmin təbiilikdən uzaqlaşmasınlar”.

 

Mahmud Əskərli