Kənd məktəblərində təhsilin zəifliyi - Əsas səbəblər nədir?

Bölmə: Sosial › ,
Tarix: 21:14 18.11.2024

Kənd məktəblərində təhsilin keyfiyyəti ölkənin təhsil sisteminin ən həssas mövzularından biridir. İnfrastruktur problemləri, müəllim çatışmazlığı və resursların məhdudluğu kimi səbəblər bu məktəblərdə tədrisin geridə qalmasına gətirib çıxarır.

 

Təhsil eksperti Qoşqar Məhərrəmov "İnformator.az" saytına müsahibəsində kənd məktəblərində təhsilin keyfiyyətinin aşağı olmasının əsas səbəbləri barədə danışıb.

 

 

Onun sözlərinə görə, əsas problem infrastrukturdakı çatışmazlıqlardır:

 

"Bir çox kənd məktəbində istilik sistemi yoxdur, məktəblər soba ilə isidilir. İnternet isə ya çox zəifdir, ya da ümumiyyətlə mövcud deyil. Bundan əlavə, laboratoriyaların, idman zallarının və digər infrastrukturun olmaması şagirdlərin təhsil motivasiyasına mənfi təsir göstərir",– deyə ekspert bildirib.

 

Ekspert həmçinin müəllimlərin müntəzəm olaraq dəyişməsini təhsilin keyfiyyətinə mənfi təsir edən əsas səbəblərdən biri kimi vurğulayıb:

 

"Şəraitin olmaması səbəbindən müəllimlər kənd məktəblərində işləmək istəmirlər. Müəyyən müddət işlədikdən sonra isə başqa məktəblərə yerdəyişmə edirlər. Bu isə şagirdlərin davamlı və keyfiyyətli təhsil almalarına mane olur".

 

Qoşqar Məhərrəmov qeyd edib ki, vəziyyəti dəyişmək üçün kənd yerlərində işləyən müəllimlərə daha yaxşı şərait yaradılmalıdır:

 

"Onlara yaşayış binaları, evlər və ya ərazilər təmin edilməlidir. Müəllimlər üçün xüsusi təşviq proqramları həyata keçirilməli, həmin bölgələrdə işləmək üçün həvəs yaradılmalıdır. Bu tədbirlər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər".

 

Ekspertin fikrincə, infrastrukturun gücləndirilməsi və müəllimlərin dəstəklənməsi kənd məktəblərinin inkişafına mühüm töhfə verəcəkdir.

 

Nuray Qurbanlı