"Uşaq əməyinin istismarı sosial-iqtisadi vəziyyətin nəticəsidir.."
Bölmə: Sosial › ,Tarix: 17:44 19.11.2024
Uşaq əməyinin istismarı, dünyada milyonlarla uşağın təhsildən, normal uşaq həyatından məhrum olaraq ağır və təhlükəli işlərə cəlb edilməsi deməkdir. Bu problem xüsusilə sosial-iqtisadi problemlərdən qaynaqlanır və uşaqların həm fiziki, həm də psixoloji inkişafına ciddi zərər vurur.
Bu barədə hüquqşünas Əkrəm Həsənov "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, 15 yaşından başlayaraq müəyyən şərtlər daxilində insanların işləməsinə icazə verilir:
" Lakin iş saatları və iş yükündə qanunla məhdudiyyətlər mövcuddur. Azyaşlılar yalnız təhsil prosesinə mane olmamaq şərti ilə çalışa bilərlər. Buna baxmayaraq, real vəziyyət qanunvericilikdən fərqlənir. Sosial-iqtisadi şərtlər bu məsələdə həlledici rol oynayır,” - deyə hüquqşünas bildirib.
O, əlavə edib ki, azyaşlı uşaqları işlədənlər əksər hallarda öz valideynləri olur:
“Ümumiyyətlə, kənar şəxslərin azyaşlıları işə cəlb etməsi ölkəmizdə nadir hallarda baş verir. Valideynlərin bu addımı atmasının əsas səbəbi isə ailənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyidir".
Hüquqşünasın fikrincə, SSRİ dövründə uşaq əməyinin istismarına ciddi nəzarət mövcud idi:
“Həmin dövrdə yalnız məktəbə davamiyyət deyil, uşağın ev şəraiti də ciddi diqqətdə saxlanılırdı. Hazırda inkişaf etmiş ölkələrdə də bu cür nəzarət sistemi tətbiq olunur,” - o bildirib.
Əkrəm Həsənov qeyd edib ki, sosial bərabərsizliyin artması və iş tapmaqda yaranan çətinliklər valideynləri azyaşlı övladlarını işləməyə məcbur etməyə vadar edir.
Nuray Qurbanlı