“Tağıyev :Neft” filmi
Bölmə: Mədəniyyət › ,Tarix: 11:29 20.11.2024
Bu yaxınlarda kinoteatrlarda nümayiş olunan "Tağıyev: Neft" filmi geniş tamaşaçı kütləsi tərəfində maraq doğurub və sevgi ilə qarşılanıb. Biz də film haqqında daha ətraflı məlumat almaq üçün rejissor Zaur Qasımlı ilə görüşdük və ona filmə dair bir sıra suallar verdik.
“Tağıyev: Neft” filminin rejissoru Zaur Qasımlı “İnformator.az”a müsahibəsində, bu layihənin Azərbaycan kinematoqrafiyasında özünəməxsus yeri olduğunu və Hacı Zeynalabdin Tağıyevin əzəmətini bütün reallığı ilə tamaşaçıya çatdırmağı hədəflədiyini bildirib:
-Bildiyimiz kimi, film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsini özündə əks etdirir. Bəs necə oldu ki, bu mövzunu seçdiniz?
“Bu mövzunu seçməyim təsadüfü olmadı. Mən “Tağıyev” lahiyəsindən öncə Nobel qardaşlarının Bakıda fəaliyyəti haqqında “Miras” adlı bədii-sənədli film üzərində işləyirdim. Araşdırmalar zamanı tez-tez Hacı Zeynalabdin Tağıyev haqqında bilmədiyim və yeni məlumatlara rast gəlirdim. O qədər zəngin və çoxşaxəli bir şəxsiyyət idi ki, onun həyatı və fəaliyyəti məni dərindən təsirləndirdi. Məhz o an qərar verdim ki, Azərbaycan xalqı üçün bu qədər vacib bir şəxsiyyətin həyatını böyük ekranlara gətirmək lazımdır. Tağıyev yalnız böyük xeyriyyəçi və iş adamı deyil, həm də milli irsimizin mühüm daşıyıcısı, millətimizin atası kimi tanınırdı. Onun ideyaları və fəaliyyəti gələcək nəsillərə böyük ilham mənbəyidir” .
Filmin 76 fərqli yerdə çəkildiyi haqqında məlumat aldıq. Çəkilişlərin bu qədər çox ərazidə baş tutması sizin üçün çətinliklər yaratdımı ?
“Bəli, çəkilişlərin 76 fərqli məkanda aparılması çox çətin idi, amma bir o qədər də dəyərli bir təcrübə idi. Hər bir məkanın öz tələbləri və problemləri vardı: o dövrü doğru yaratmaq, uyğun dekorasiyalar qurmaq, aktyorların və çəkiliş heyətinin koordinasiyası və s. Lakin bu layihə bizim üçün adi bir film deyil, Azərbaycan tarixinin əks etdirilməsi idi. Biz hətta ən xırda detalları belə diqqətlə nəzərə saldıq ki, dövrün ruhunu tamaşaçıya çatdıraq. Hər çətinlik bir dərs oldu, amma bu nəticədə filmi daha da güclü etdi. Bu cür çətin işləri həyata keçirməkdə Bakı Mediya Mərkəzinin və yaradıcı komandamızın rolu çox böyük idi. Xüsusilə də, layihənin rəhbəri Arzu Əliyeva bütün proses boyunca böyük dəstək verdi və yüksək səviyyəli işin ortaya çıxmasını təmin etdi”.
Bu filmi Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş digər filmlərdən fərqləndirən xüsusiyyətlər kimi nələri misal çəkərdiniz?
“Ən böyük fərqimiz odur ki, biz dörd seriyadan ibarət bir layihə üzərində çalışdıq və hər bir seriya Hacı Zeynalabdin Tağıyevin həyatının fərqli bir mərhələsini əhatə edir. İlk seriyada biz onun neft uğrunda çətinliklərlə dolu mübarizəsini göstəririk. Digər fərqləndirici xüsusiyyətlərimizdən biri də detallara diqqət yetirməyimizdir. Tarixi dəqiqlik, dekorasiyalar, geyimlər, hətta istifadə olunan rekvizitlər belə dövrün ruhunu canlandırmaq üçün xüsusi hazırlanıb. Bu layihə Azərbaycan kinematoqrafiyasında bənzərsizdir və Hacı Zeynalabdin Tağıyevin əzəmətini bütün reallığı ilə tamaşaçıya çatdırmağı hədəfləyir” .
Azərbaycan kinosunun hazırkı vəziyyəti haqqında nələr düşünürsünüz?
“Azərbaycan kinosu hal-hazırda inkişaf etməkdədir, lakin qarşıda hələ uzun bir yol var. Bizim kinomuzun böyük bir potensialı var və bu potensialı reallaşdırmaq üçün yaradıcı yanaşma, daha çox dəstək və infrastrukturun inkişafı vacibdir. Mənim fikrimcə, milli dəyərləri və mədəniyyətimizi əks etdirən filmlər çəkmək çox önəmlidir. Bununla yanaşı, dünya kinematoqrafiyasından öyrənərək, yeni texnologiyaları və yanaşmaları tətbiq etmək də vacibdir. “Hacı Zeynalabdin Tağıyev” layihəsi bu istiqamətdə atılan bir addımdır və ümid edirəm ki, o, həm tamaşaçıların, həm də yaradıcı mühitin diqqətini Azərbaycan kinosunun imkanlarına yönəldəcək”, deyə o, fikirlərini yekunlaşdırıb.
Biz də “İnformator.az” saytı olaraq başda Zaur bəy olmaqla bu işin ərsəyə gəlməsində zəhmətləri keçən hər kəsə təşəkkür edir və Azərbaycan kino sənətinə əvəzsiz bir inci bəxş etdikləri üçün onları təbrik edirik.
Mahmud Əskərli