Azərbaycanda binaların zəlzələyə qarşı təhlükəsizliyi necə təmin olunur?

Bölmə: Sosial › ,
Tarix: 17:57 22.11.2024

Azərbaycanda zəlzələ riski yüksək olan zonalar mövcuddur. Son illərdə bu təhlükəyə qarşı tikililərin dayanıqlılığı aktual mövzular sırasında yer alır. Zəlzələyə davamlı tikinti standartlarına əməl olunması, köhnə tikililərin möhkəmləndirilməsi və müasir texnologiyaların tətbiqi məsələləri xüsusilə vacibdir.

 

Bu barədə təhlükəsizlik üzrə ekspert Orxan Musayev "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, binaların zəlzələyə qarşı dayanıqlılıq məsələsi qardaş Türkiyədə baş verən hadisələrdən sonra aktuallaşıb:

 

"Qardaş Türkiyədə zəlzələ nəticəsində binaların dağılması və çoxsaylı insanların həlak olması binaların dayanıqlılığı məsələsini bir daha aktuallaşdırıb. Halbuki, bu məsələ daim gündəmdə olmalıdır. Çünki heç bir ölkə təbii və texnogen hadisələrdən – zəlzələ, ildırım vurması, vulkan və s. – sığortalanmayıb. Buna görə də, bu kimi hallara hər zaman hazırlığın yüksək səviyyədə olması xüsusi əhəmiyyət daşıyır".

 

Onun sözlərinə görə, istifadə üçün yararlı olmayan binaların istifadəyə verilməsi insan həyatı üçün böyük risk kəsb edir:

 

"Hazırda ölkəmizdə demək olar ki, il ərzində çox sayda hündürmərtəbəli bina tikilir və istifadəyə verilir. Ancaq bəzi binalar var ki, istifadəyə verilməsi haqqında qərar olmasa da insanlar həmin binalarda yaşayırlar. Bu isə böyük bir riskdir. Bina istifadəyə verilməyibsə, onun dayanıqlılığı sual altındadır. Məhz bu səbəbdən bu cür məsələlərlə bağlı araşdırmalar aparılmalı, müvafiq dövlət qurumları məlumatlandırılmalıdır".

 

Ekspert zəlzələ nəticələrini minimuma endirmək üçün Yaponiya təcrübəsindən bəhrələnməyin vacibliyini də vurğulayıb:

 

"Zəlzələ nəticələrini minimuma endirmək üçün Yaponiya təcrübəsindən faydalanmaq daha məqsədəuyğundur. Yaponiya ərazisi seysmik aktiv zona olsa da, insan tələfatı burada minimum dərəcədə olur. İstər binaların dayanıqlılığı, istərsə də əhalinin təxliyyəsi məsələsində bu ölkənin təcrübəsi səciyyəvidir".

 

Müsahib fikrini belə yekunlaşdırıb:

 

"Nəticə olaraq, bu sahədə dövlət orqanları mütləq maarifləndirmə işləri aparmalı, həmçinin kompleks tədbirlər görməlidirlər".

 

Nuray Qurbanlı