Tolerantlıq Azərbaycan milli dəyərlərinin parçası kimi
Bölmə: Sosial › ,Tarix: 19:38 22.11.2024
Azərbaycanda müxtəlif dini və etnik qrupların bir arada yaşaması, bu ölkənin tolerantlıq və multikulturalizm prinsiplərini əsas götürməsi ilə əlaqəlidir. Lakin tolerantlıq bəzən Azərbaycanın dini inancının olmaması ilə əlaqələndirilir. Buna səbəb nədir?
Mövzu ilə bağlı dini ekspert, ilahiyyatçı Ağa Hacıbəyli “İnformator.az”a açıqlamasında bütün xarici təsirlərə və ideologiyaların təsirinə baxmayaraq, Azərbaycan xalqının heç zaman öz imanından, dinindən və tolerant düşüncəsindən kənarda qalmadığını bildirib:
“Azərbaycan xalqı VII əsrdən İslam dinini qəbul edib. O dövrdən günümüzə qədər müxtəlif mədəniyyətlərin və dinlərin təsirinə məruz qalıb. Lakin buna baxmayaraq, heç bir zaman öz həm milli, həm də dini dəyişməz dəyərlərini günümüzə qədər qoruyub saxlaya bilib. Bununla bərabər, xalqımız dövlətin daxilində yaşayan digər xalqlara da, onların dinlərinə öz tolerant münasibəti ilə yanaşmış və bu dinlərin təsirinə məruz qalmayıb.
Əslində, tolerant sözü bizim milli sözümüz deyil. Buna İslamda xoşgörü deyilir. Ancaq burada diqqət edilməli bir məqam vardır ki, xoşgörü haramın, dini qadağaların, dələduzluğun varlığına deyil, bu dəyərlərə, etiqadlara və inanclara xoşgörü kimi başa düşülməlidir".
Ekspert Qurani-Kərimdən nümunələr gətirərək tolerantlığın Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini də bildirib:
“Quranın Hucurat surəsinin 13-cü ayəsində bildirilib ki: ‘Sizi bir kişi və bir qadından yaratdıq və sizi xalqlara, millətlərə böldük ki, bir-birinizi tanıyasınız, anlayasınız.’ Bu ayə bizim xalqımız və millətimiz üçün tolerantlığın nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir”, - deyə o, fikirlərini yekunlaşdırıb.
Beləliklə, tolerantlıq Azərbaycan xalqının milli dəyərlərinin vacib bir hissəsidir. Fərqli dinlərə və mədəniyyətlərə hörmətlə yanaşmaq, birgə yaşamağı mümkün edir. Azərbaycan xalqı tarix boyu bu dəyərləri qoruyaraq həm öz milli kimliyini, həm də dini inanclarını saxlayıb. Bu yanaşma ölkəmizi multikulturalizmin nümunəsi kimi dünyada tanıdıb və birlik, həmrəylik üçün əsas rol oynayıb.
Mahmud Əskərli