Diabet xəstələrinin sayı sürətlə artır..
Bölmə: Sosial › ,Tarix: 19:45 22.11.2024
Günümüzdə demək olar ki, bütün xəstəliklər cavanlaşıb. Əgər 40-50 il əvvəl hər hansı xəstəliyə 40 yaşında tutulmaq ehtimalı vardısa, indi insanlar həmin xəstəliklə 20 yaşında rastlaşırlar.
Belə xəstəliklərdən biri də şəkər xəstəliyidir. Dünyada hər 6 saniyədə bir insan şəkərli diabetin fəsadlarından həyatını itirir. Bu xəstəlik qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə müşayiət olunur.
Son illərdə şəkərli diabetin cavanlaşmasının əsas səbəbləri nədir?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında endokrinoloq Lamiyə Nəbibəyli bildirib ki, şəkərli diabetin cavanlaşma səbəblərindən biri ilk növbədə müayinələrin geniş olmasıdır:
"Əvvəllər xəstəlik daha da çox şikayətlər verməmiş, hələ heç bir analiz verilmirdi. Amma hazırda istər dövlət istərsə də özəl xəstəxanalarda müayinələr var. İnsanlar xəstəlik haqqında daha çox məlumatlıdırlar. Xüsusilə ailədə şəkərli diabet xəstəsi varsa "məndə də şəkər varmı?"sualları gəlir. Buna görə də xəstələrin sayı artmış kimi görünə bilir".
Həkimin sözlərinə görə, digər faktorlardan biri əlbətdə ki, genetik faktorlardır:
"Lakin son vaxtlar hər ailədə demək olar ki, bu xəstəliyə rast gəlirik. Qeyri-düzgün həyat tərzi şəkərli diabetə meyilliyə və şəkərə gətirib çıxarır. Təbii ki, nəsildə, genetikada nə qədər çox şəkər xəstəliyi varsa bu insanlarda genetik meyillilik daha çox olur. Və həyat tərzi, dəyişiklikləri gizlində qalmış şəkərə meyilliliyi və şəkərin ortaya çıxmasına kömək edir. Çəkinin normal olmaması, aktiv həyat tərzinin olmaması, həddən artıq çox karbohidrat qidalarının qəbulu, bütün günü oturaq həyat tərzi keçirmək, qanda yağ dərilərinin yuxarı olmağı bədənimizdə olan insulin reseptorlarının aşkarlanmasına gətirib çıxarır. Bu xəstəliyin qarşısını almaq üçün balanslı qidalanmağa diqqət etməli, əgər nəsildə genetik şəkərə meyillilik varsa bu insanlar insulin dirəncini yoxlamalıdırlar. Əgər insulin dirənci varsa gündə 2 dəfə qidalanmaya keçilsin, aktivliyini mütləq artırsınlar".
Mehriban Nəsibova