"Adın daşıdığı "gözlənti" uşağın özünü bir rol çərçivəsində görməsinə səbəb ola bilir"-RƏY

Bölmə: Sosial › ,
Tarix: 13:02 23.11.2024

Bir çox ailədə uşaqlara nənə və babalarının adlarının verilməsi həm ənənə, həm də ailə bağlarını gücləndirmək məqsədi daşıyır.
Lakin bəzi valideynlər bu adların uşaqlar üçün uğurlu olmayacağına inanaraq fərqli adlar seçməyə üstünlük verirlər.

Bəs uşaqlara nənə və baba adlarının qoyulması ənənəsi niyə bu qədər yayğındır?

Mövzu ilə bağlı Sosioloq Yusif Nəbiyev "informator.az"a açıqlamasında bildirib ki, ölkəmizdə yeni doğulan uşaqlara nənə və babalarının adlarının verilməsi kifayət qədər geniş yayılmış bir ənənə halını alıb:

"Bəzi valideynlər bunu az qala mütləq edilməli olan bir vəzifə kimi görürlər. Lakin eyni zamanda müəyyən bir qism valideynlər də var ki, tam tərsinə, bunun uğursuzluq gətirə biləcəyini düşünərək daha müasir adlar qoymağa üstünlük verirlər.
Uşaqlara nənə və baba adlarının qoyulması ənənəsi, əslində sosial və mədəni bağları gücləndirən bir praktikadır. Çünki yeni nəsillərə öz böyüklərinin adlarının qoyulması, nəsillər arasında əlaqə yaradır və ailə bağlarını möhkəmləndirir. Bu eyni zamanda ailə içindəki sosial rolları və identifikasiyaları gücləndirilir. Misal üçün, babası mühəndis olan bir insana öz babasının adını qoymaqla onu da babası kimi uğurlu, peşəkar bir mühəndis olmağa təşviq etmiş oluruq. Uşaq böyüdükcə özünü babasına nisbət edir və zehnində onun kimi "böyük" olmağı xəyal edir. Yəni bu praktika, əslində həm də şəxsiyyətin formalaşmasına da müsbət təsir göstərə bilir.

Erving Goffman-ın "Gündəlik Həyatın Draması" nəzəriyyəsinə görə, adlar sosial şəxsiyyətin qurulmasında vacib rol oynayır, çünki onlar sosial gözləntiləri və normları simvollaşdırır. Nənə və baba adları, uşaqlarda ailənin ənənələrinə və təcrübələrinə olan hörməti artırır, eyni zamanda onların özlərinə dair bir mənəvi məsuliyyət hissi yaradır.

Adların uğur və ya uğursuzluq gətirəcəyinə inanmaq, əsasən sosial konstruksionizm baxımından qiymətləndirilə bilər. Bunu qısaca belə izah edə bilərəm: Əvvəldə cəmiyyətlər müəyyən inanc və anlama sistemləri qururlar. Daha sonra isə sistemlər həmin cəmiyyətlərdəki insanların dünyanı necə anlamağına və davranışlarını necə formalaşdırmaqlarına birbaşa təsir edir. Yəni adların uğur gətirməsi və ya uğursuzluğu ilə bağlı inanclar da bu cür sosial konstruksiyalardan biridir və psixoloji baxımdan "özünü doğruldan proqnoz" (self-fulfilling prophecy) mexanizmi ilə təsir göstərir. Adın mənası və ona yüklənən sosial gözləntilər, nəticədə qayıdıb həmin insanların öz davranışlarına da təsir edə bilir. "Şahin" adlı birisi özünü Şahin kimi cəsur aparmağa meyilli olur. Adı "Sakit" olan birisi adətən sakit təbiətli olmağa meyilli olur. Çünki o adlara (sözlərə və qavramlara) əvvəlcədən müəyyən bir məna yüklənib".

Sosioloqun sözlərinə görə, uşaqlar bəzən ölmüş yaxınlarının adlarını daşıdıqda, həmin şəxsin həyatını və gözləntilərini özlərinə yükləyirlər, bu da onların şəxsiyyətlərini məhdudlaşdıra bilir:

"Adın daşıdığı "gözlənti" uşağın özünü müəyyən bir rol çərçivəsində görməsinə səbəb ola bilir. Ona görə uşaqlara nənə və baba adlarının verilməsinin mənfi təsirlərini neytrallaşdırmaq üçün uşaqlara adın yalnız bir əlaqə yaratma vasitəsi olduğunu və öz şəxsiyyətlərini inkişaf etdirməkdə heç bir maneə olmadığını izah etmək vacibdir.

Valideynlər bu adların təzyiq və qeyri-sağlam gözləntilər yaratmaması üçün uşaqlara dəstək verməli, adın onlara bir yük deyil, bir miras olduğunu vurğulamalıdır. Bu yanaşma ilə, həm ailə ənənələri qorunar, həm də uşaqların şəxsiyyətlərinin inkişafı sağlam şəkildə davam edə bilər".

Elnurə Kərimova