Fiziki aktivliyin bədənə və zehni sağlamlığa təsiri
Bölmə: Sosial › ,Tarix: 14:00 23.11.2024
Fiziki aktivlik müasir dövrün ən əhəmiyyətli sağlamlıq faktorlarından biridir. Bədənimizin sağlam olması üçün mütəmadi olaraq idmanla məşğul olmaq, eyni zamanda zehni sağlamlığımız üçün də vacibdir. İdmanın bədənə və zehni sağlamlığa təsiri, həyat keyfiyyətimizi artırmaqla yanaşı, streslə mübarizədə də mühüm rol oynayır.
Fiziki aktivliyin bədən sağlamlığına olan əsas təsirləri hansılardır?
Məsələ ilə bağlı, həkim Həbib Sahratov "İnformator.az"a açıqlamasında bildirib ki, fiziki aktivlik orqanizmin sağlamlığında və yaşamının daha uzun olmasında çox önəmli faktordur:
" Biz aktivliyin müxtəlif yaş qruplarında faydalarından danışsaq, uşaqlıq və yeniyetməlik dönəmində fiziki aktivliyi yüksək olan uşaqlar, sözsüz ki, idman karyerasını formalaşdırır. Və eyni zamanda bu insanların daxili orqanları mükəmməl şəkildə möhkəm olur, dayaq hərəkət, əzələ sistemləri yaxşı olur, möhkəm olur, dözümlü olur. Gələcək həyatları üçün, uşaqlıq dönəmində, yeniyetmə dönəmində idmanla məşğul olan uşaqlar, yaşlılıq dövrü üçün zəmin hazırlayır. Yaşlandıqdan sonra, yəni 40 yaşın, 50 yaşın üzərində olan və artıq kiloları olan insanlar üçün, ürək-damar xəstəliyi olan insanlar üçün, şəkərli diabet xəstəliyi olanlar üçün, fiziki aktivliyin önəmi sözsüz ki, əvəz olunmazdır. Şəkərli diabet xəstələrində şəkərin kontrola düşməsində önəmli bir faktordur, ürək-damar xəstəliklərində və yaxud artıq kilosu olan insanlarda piylərin əriməsində, artıq piylərin bədəndən xaric olunmasında, fiziki aktivliyin önəmi ciddidir. Fiziki aktivlik, müəyyən yaş qrupundan sonra, müəyyən miqdarda olmalıdır".
Həkim, sözlərində yürüş etmənin insan üçün faydalarını da vurğulayıb :
"Misal üçün , bir insan yürüş eləyərsə günün müəyyən zamanlarında effektiv bir yürüş olmalıdır. Yəni, həmin yürüş vaxtı insanın ürək döyüntülərinin sayı 100-ün üzərinə çıxmalıdır, nəfəs hərəkətlərinin sayı artmalıdır. Döyüntüləri artmalıdır, tərləməlidir, yorulmalıdır, elə olunan yürüşlər effektiv yürüş hesab olunur.
Temposuz yürüş, çox da ciddi fayda saxlamaya bilir. Fiziki yürüşün miqdarını, saatı haqqında yenə sözsüz ki, mənim mütəxəssis olaraq, şəxsi fikrim ondan ibarətdir ki, müəyyən yaş dövründən, məsələn 50 yaş üzərində olan insanlar ən azı gündə bir dəfə yürüş etməlidirlər".
Qüdrət Məmmədova