ASMR videoları və insan psixologiyasına təsiri

Bölmə: Sosial › ,
Tarix: 15:25 23.11.2024

Sosial mediada son zamanlar ən çox qarşılaşılan videolardan biri də ASMR (Autonomous Sensory Meridian Response) videolarıdır. Bu videolar, insanların rahatlamasına və sakitlik hissi yaratmasına kömək edir.

 

 Müsahibimiz psixoloq Aynur İsmayılova "informator.az" saytına açıqlamasında bildirib ki, insan övladı səslərə çox həssasdır və hətta ana bətnində belə səsləri eşitməyə başlayır:

 

"Ümumiyyətlə, insanlar mülayim və sakit səslərə meyillidir, çünki ana bətnində həmin səsləri zəif şəkildə eşidirlər. Yüksək səslər isə əksinə, insanları bir-birindən uzaqlaşdırır. Bir-birimizlə yüksək səs ilə danışanda bu, münasibətləri uzaqlaşdırır. Bu zaman insanların münasibətləri və bədənləri bir-birindən uzaqlaşmağa başlayır". 

 

ASMR videolarındakı həzin, melodiyalı və mülayim səslər, insanların rahatlama və sakitlik hissini artırır:

 

 

"Bu səs növü, xüsusən həssas insanlar üçün çox faydalıdır. Yüksək və ya neqativlik olan səslər isə, xüsusən həssas insanlar üçün uyğun deyil. Audial insanlar isə səsləri daha yaxşı fərqləndirə bilirlər və bu səbəbdən bu cür videolardan daha çox fayda əldə edirlər". 

 

 Psixoloq son olaraq qeyd edib ki, meteoroloji həssasiyyəti olan insanlar da, yüksək və neqativ səsləri qəbul edə bilmirlər:

 

"Beləliklə, ASMR videoları, bir çox insana rahatlama və sakitlik hissi yaradır və bu da onların gündəlik həyatda stresin azaldılmasına kömək edir".

 

Çinarə Tarverdiyeva