“Dincəlməmək depressiyaya və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər” -Psixoloqdan açıqlama
Bölmə: Sosial › ,Tarix: 20:39 23.11.2024
"Bədən enerjisini bərpa edə bilmədiyi üçün davamlı yorğunluq hiss olunur. Yuxu və istirahət çatışmazlığı immunitet sistemini zəiflədir, xəstəliklərə qarşı müqaviməti azaldır".
Bu sözləri "İnformator.az"a açıqlamasında psixoloq Aynur İsmayılova deyib.
Onun sözlərinə görə, insanın sağlamlığı üçün mütəmadi istirahət zəruridir:
"İnsan 24 saat ərzində hər 8 saatdan bir mütləq dincəlməlidir. Əgər bu baş verməzsə, xroniki yorğunluq yaranır. Yorğunluğu aradan qaldırmaq üçün xoş təəssürat bəxş edən yerlərdə olmaq və ya insanlarla vaxt keçirmək də mütləqdir. Lakin bu mümkün olmadıqda dincəlməməyin təsiri getdikcə daha da artır və nəticədə insan depressiyaya düşür. Təbii ki, dincəlməmək insanın fizioloji sağlamlığının psixoloji sağlamlığına birbaşa təsir göstərir. Belə vəziyyətlərdə aqressivlik meydana çıxa bilər. Terapiya almayan, təbiət qoynunda vaxt keçirməyən və kifayət qədər yatmayan insanlarda müxtəlif sağlamlıq problemləri inkişaf edir. Ürək və sinir xəstəlikləri, hətta bəzi hallarda şiş xəstəlikləri belə yarana bilər”.
Psixoloq zehni sağlamlıqla fiziki sağlamlığın bir-birinə bağlı olduğunu qeyd edir:
"Təbii ki, bunları normada saxlamaq üçün insan yetərincə yatmalı və həftədə ən azı bir dəfə dincəlməlidir. Bu, depressiya kimi xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır. Bu da öz növbəsində sağlam həyat tərzinin özüdür",-deyə o, fikirlərini yekunlaşdırıb.
Asiya Zeynallı