Universitetdə təhsil və iş həyatı arasındakı fərqlər..

Bölmə: Sosial › ,
Tarix: 21:05 23.11.2024

Son illərdə təhsil sistemində praktiki biliklərin önəmi daha çox vurğulanır. Universitetlərdə tələbələrin iş həyatına daha yaxşı hazırlana bilməsi üçün nəzəri tədrislə yanaşı, praktiki dərslərin də əhəmiyyəti artır. Bu yanaşma tələbələrin yalnız nəzəri biliklərə deyil, həm də real iş mühitində istifadə edə biləcəkləri bacarıqlara yiyələnməsini təmin etməyi hədəfləyir.

 

Bu barədə Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera mərkəzinin rəhbəri Gülçöhrə İbrahimova "informator.az"a açıqlamasında danışıb.

 

O bildirib ki, son illərdə bu məsələyə diqqət artırılsa da, universitet və ixtisasa görə fərqliliklər mövcuddur:

 

"Son illərdə bəzi universitetlər yeni tendensiyalara uyğunlaşmaq məqsədilə, həmçinin Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin təşəbbüsləri sayəsində, praktiki dərslərin artırılmasına xüsusi önəm verməyə başlayıblar. Lakin tələbələr bəzi məqamlarda haqlı iradlarını bildirirlər. Bu məsələ universitetdən, fakültədən və ixtisasdan asılı olaraq fərqlilik göstərir və nisbi xarakter daşıyır".

 

O, bu istiqamətdə öz təcrübələrindən də danışıb:

 

"İlkin mərhələdə müəyyən ixtisasların hansı praktik təcrübələrə ehtiyac duyduğunu müəyyənləşdirmək və buna uyğun təlim proqramları hazırlamaq zəruridir. Bunun üçün iş dünyasında fəaliyyət göstərən peşəkarlar və məzunlar arasında sorğular keçirmək məqsədəuyğundur. Məsələn, Bakı Mühəndislik Universitetinin Karyera Mərkəzi olaraq, məzunlar arasında sorğu keçirərək onların universitet təhsili zamanı iş həyatına hazırlıqla bağlı nə kimi tədbirlər görülməsini istədiklərini öyrənmişik. Eyni zamanda, iş dünyasında da bu cür sorğular təşkil edərək məzunların hansı praktiki çatışmazlıqlarının olduğunu müəyyənləşdirmişik".

 

Müsahib fikrini belə yekunlaşdırıb:

 

"Bu cür sorğular həm universitet rəhbərliyinin, həm də iş dünyasının fikirlərini öyrənmək üçün vacibdir. Əgər bu amillər universitet rəhbərliyi tərəfindən nəzərə alınar və ardıcıl tədbirlər görülərsə, daha yaxşı nəticələr əldə etmək mümkündür".

 

Nuray Qurbanlı