Xaricdə təhsil alan tələbələrin ölkəyə qayıtdıqdan sonra iş imkanları

Bölmə: Sosial › ,
Tarix: 23:29 23.11.2024

Xaricdə təhsil alan tələbələr, əldə etdikləri beynəlxalq təcrübə və biliklərlə ölkəyə qayıtdıqda, peşə sahəsində öz yerlərini tapmağa çalışırlar. 

Eyni zamanda, valideynlərin təhsil prosesində daha aktiv rolu, tədris keyfiyyətini artırmaqda mühüm rol oynaya bilər.

 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elmin Nurizadə “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda dövlət vəsaitinə xaricdə təhsil alan gənclərlə biz bu barədə sorğu-sual etsək, onların bir qismi ölkəyə qayıdacaqlarını, bir qismi isə ya təhsillərini davam etdirəcəklərini ya da elə öz oxuduqları ölkələrdə də öz ixtisaslarına uyğun işləyəcəklərini bildirərlər:

 

"Deməli bu gündə bizim ali təhsil seqmentimizdə müzakirə edilməsi məqbul olan məsələlərdən biri də, xaricdə təhsil alan tələbələrimiz və onların təhsillərini başa vurduqdan sonra etməli olduqları işlərdir. Çox təəsüflər olsun ki, bizim xaricdə təhsil alan, yəni burada söhbət dövlət sifarişi əsasında xaricdə təhsil alan və İQ göstəriciləri bilik və bacarıqları digərlərindən fərqlənən gənclərdən gedir. Onların Azərbaycana, ölkəyə qayıdışı və iş dünyasında özünü tapma senzi barədə fikirlər müxtəlifdir. Biz bu barədə xaricdə təhsil alan gənclərlə müəyyən bir sorğu aparsaq,  onların bir qismi ölkəyə qayıdacaqlarını, bir qismi isə ya təhsillərini davam etdirəcəklərini ya da elə oxuduqları ölkədə də öz ixtisaslarına uyğun işləyəcəklərini bildirərlər amma bu belə olmamalıdır".

 

Ekspert sözlərində bu proqramların dövlətə daha hazırlıqlı, daha bacarıqlı kadrlar yetişdirmək üçün olduğunu da vurğulayır:

 

"Bu günlərdə həmin təhsil proqramı ona görə var ki, bizim ölkə üçün daha hazırlıqlı ,daha bacarıqlı kadrlar qazanılsın.

Çünki onların təhsil haqqını dövlət ödəyir. Dövlət onlara kadr lazım olduğu üçün güvənir və göndərir. Təhsilləri üçün hər cür maddi və hüquqi şərait yaradır və bu müəyyən bir hesablamalardan sonra dövlətin gəldiyi qənaətdir. Bu qənaət sonradan istehsalatda, əmək bazarında özünü təsdiqləmiş olsun. Yox əgər dövlət hesabına, dövlətin ayırdığı dövlət büdcəsindən ayrılan maddi vəsait hesabına xaricdə deyək ki, İngiltərədə, Amerikada və ya Yaponiyada, Kanadada və s. kimi ölkələrdə təhsil alanlar sonradan bacarıqlı kadr kimi həmin ölkələrin əmək bazarına faydalı olacaqlarsa, deməli biz burda da itiririk və bu məsələnin burda mənəvi cəhətdən də düşünürəm ki, burada hüquqi bir fikir də olmalıdır ki, həmin şəxslər mütləq və mütləq vətənlərinə qayıtsınlar. Doğrudur, aralarında qayıdanlar da olur,şəxsən mən onlardan bir neçəsini də tanıyıram. Ümumiyyətlə mən bundan əvvəl çalışdığım yerdə, təhsil portallarından birində bizim bununla bağlı layihəmizdə var idi".

 

 

Ekspertin sözlərinə görə,  dövlət sifarişi əsasında xaricdə oxuyan və ya  məzun olmuş şəxslərlə görüşlər keçirir onlarla müəyyən bir diskussiya aparırdıq və şahidi olurduq ki, bəli, əksəriyyəti vətənə qayıdıb və bundan da məmnundular. Çünki həqiqətən də öz ixtisasları üzrə bacarıqlı kadrlardı:

 

"Məsələn ,İT istiqamətli ixtisaslar. Hamımız bilirik ki, indiki dünyanın lazımi kadr potensialı daha çox bu üzrədir və gələcəkdə bu da artacaqdır və biz dövlət hesabına İT istiqamətində kompüter mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Nanotexnologiya, Kompüter elmləri istiqamətində kadrların yetişməsi üçün pul ayırırıqsa dövlət buna pul ayırırsa və həmin kadr güclü ölkədə, təhsil güclü ölkədə yetişirsə bu niyə görə vətəndə öz davamçılarını da yetişdirməməlidir? Axı bunun missiyası budur və onlar həmən bu missiyaya hörmətlə yanaşmalıdır deyə düşünürəm".

 

Aytac Mustafayeva