"Nəzəriyyəsi olmayan jurnalistin təməli olmur"-Ekspert Açıqlayır

Bölmə: MEDİA › ,
Tarix: 16:02 25.11.2024

Müasir dövrdə jurnalistika sahəsində ali təhsilin vacibliyi tez-tez müzakirə olunur. Təcrübəninmi yoxsa təhsilinmi üstün olduğu sualı aktualdır. Hazırda bu sahə üzrə ali təhsil almayan şəxslər jurnalist kimi fəaliyyət göstərirlər.

 

Mövzu ilə bağlı media eksperti Hacıbəy Heydərli "informator.az"a açıqlamasında bildirib ki, bu mövzuda müzakirələr yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində var:

 

"Jurnalistika sahəsində ali təhsil əsasdır. Çünki praktiki biliklərlə yanaşı, nəzəri biliklər də olmalıdır. Təbii ki, hər bir jurnalist jurnalistikanın prinsiplərinə, nəzəriyyəsinə, etik kontekstlərinə yiyələnməlidir. Digər mərhələdə isə praktika ilə iş həyatında uğur qazana bilər. Qeyri-jurnalist sahəsində ( jurnalistika ilə əlaqəli) olan jurnalistlərin bəziləri media sahəsində uğur qazana biliblər. Əvvələr jurnalistika sahəsində ali təhsili olmayan şəxslər sayt rəhbəri, baş redaktor olurdu. Lakin yeni "Media haqqında qanun"a əsasən, jurnalistika sahəsi üzrə çalışanların mütləq ali təhsilli olmasının vacibliyi öz əksini tapdı. Nəzəriyyəsi olmayan jurnalistin təməli olmur".

 

O, həmçinin ali təhsilli jurnalistlərə müraciət edib:

 

"Siz çalışdığınız sahədə, media qurumunda öz səviyyənizi, bilik və bacarıqlarınızı ortaya qoysanız biz jurnalistika sahəsində ali təhsilin nə qədər vacib olduğunu görə bilərik. Əgər hər hansısa bir şəxs jurnalist olduğunu iddia edirsə, mütləq nəzəri biliklərə yiyələnməlidir və jurnalistikanın ali dəyərlərini qorumalıdır".

 

Aydan Talıblı