Mədəniyyətlərarası təmas-Milli dəyərlər üçün təhlükə, yoxsa zənginlik?

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:57 25.11.2024

Mədəniyyətlərarası təmas müasir dövrdə qlobal inteqrasiyanın qaçınılmaz bir nəticəsi kimi özünü göstərir. Bu prosesin milli dəyərlərə təsiri müsbət və mənfi tərəfləri ilə müzakirə olunur. Bəs, mədəniyyətlərarası təmas milli dəyərlərə təhlükə yaradır yoxsa zənginləşdirir?

 

Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert, sosioloq Yusif Nəbiyev “informator.az”a açıqlamasında bildirib ki, mədəniyyətlərarası təmasın həm müsbət, həm də mənfi təsirləri var:

 

“Mədəniyyətlərarası təmas müasir dövrdə qlobal inteqrasiyanın təbii qaçınılmaz hissəsidir. Bu, fərqli mədəniyyətlərin qarşılıqlı əlaqəyə girməsinə və bir-birindən təsirlənməsinə səbəb olur, təbii olaraq. Bəs mədəniyyətlər bir-birinə qarşılıqlı təsir edirmi? Əlbəttə, edir. Sadəcə, bunun həm müsbət, həm də mənfi təsirləri var”. 

 

Ekspert mədəniyyətlərarası təmasın müsbət cəhətlərini göstərib:

 

“Bir tərəfdən, mədəniyyətlərarası təmas milli dəyərlərin özünü zənginləşdirir, yeni perspektivlər, yeni təcrübələr gətirə bilir. Bu baxımdan bunun müsbət təsiri var. Hətta bunu da qeyd edək ki, fərqli mədəniyyətlər özlərini qloballaşma sayəsində dünyaya tanıda bilirlər. Əlavə olaraq, fərqli mədəniyyətlərdən gələn təcrübələr insanların düşüncə tərzini genişləndirir. Yəni, daha açıq fikirli, tolerant bir cəmiyyət yarada bilir. Bu məsələnin, prosesin müsbət tərəfləridir”. 

 

Ekspert bu prosesin mənfi tərəflərini isə belə izah edib:

 

“Ancaq digər tərəfdən də mənfi təsirləri qaçınılmazdır. Qloballaşmanın, xüsusən, mədəniyyətə olan təsiri. Çünki qlobal mədəniyyətin hegemonluğu bəzən yerli mədəniyyətlərin unudulmasına səbəb olur. Qloballaşma söz olaraq qulağa xoş gələ bilər, ancaq qloballaşma heç də hər zaman bərabər formada yayılan proses deyil. Qloballaşma əslində güclü olan mədəniyyətin digər mədəniyyətlər üzərində hegemonluq qurması deməkdir. Bu baxımdan zəif, nisbətən az yayılmamış mədəniyyətlər hegemon mədəniyyətin qarşısında sıradan çıxa bilir. Hətta bəzən elə olur ki, iki mədəniyyətin qarşılıqlı təması sosial gərginliklərə, qarşıdurmalara və anlaşmazlıqlara gətirib çıxara bilir. Bu da bu prosesin mənfi təsirləridir. Onun üçün birbaşa demək olmaz ki, bu proses təhlükəlidir və ya zənginləşdiricidir. Sosiologiyada belə bir termin var, qlokallaşma. Yəni, qloballaşma ilə lokallaşmanın birləşməsidir. Bu o deməkdir ki, qlobal tendensiyalar yenə özünü qoruyur, yayılma xüsusiyyətini qoruyur. Amma lokal mədəniyyətlər sosial institutlara uyğunlaşaraq yayılır. Yəni, normal qloballaşma kimi yox, fərqli mədəniyyətin tendensiyası digər mədəniyyətin tendensiyasına da uyğunlaşdırılır və bu həmin ərazidə yayılır, qəbul edilir. Yəni, qlokallaşma yanaşması qoyulsa, ortaya həmin müsbət təsirləri yenə də qoruyacaq, mənfi təsirləri isə aradan qalxmasına kömək edəcək”.

 

Mahmud Əskərli