Azərbaycan mədəni irsi: Dövlət və xalqın birgə məsuliyyəti
Bölmə: Mədəniyyət › ,Tarix: 23:55 25.11.2024
Azərbaycanın mədəni irsi xalqın tarixini, milli kimliyini və dünyagörüşünü əks etdirən dəyərlərdən ibarətdir. Ölkəmizdə bu irsin qorunması istiqamətində dövlət mühüm işlər həyata keçirir. Tarixi abidələrin bərpası, qorunması və beynəlxalq arenada təbliği prosesi isə yalnız dövlət səviyyəsində deyil, vətəndaşların dəstəyi ilə də mümkün olur.
Bu sözləri "İnformator.az"a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynli deyib.
Onun sözlərinə görə, Azərbaycanın tarixi və mədəni irsi bütün bəşəriyyət üçün böyük əhəmiyyət daşıyır:
"Biz bu irsi yalnız qorumaqla kifayətlənməməli, eyni zamanda onun təbliği üçün ciddi addımlar atmalıyıq. Çünki bu irs həm bizim milli kimliyimizi əks etdirir, həm də dünyaya təqdim edə biləcəyimiz ən gözəl sərvətlərdən biridir. Qobustan Qaya Sənəti, Azıx mağarası, Şəki Xan Sarayı, İçərişəhər və digər abidələr bəşəriyyətin tarixini öyrənmək üçün əvəzolunmaz mənbələrdir. Tarixə baxsaq görərik ki, xalqımız qədim dövrlərdən bu yana zəngin bir mədəniyyət yaradıb. Bu gün həmin irsin qorunması bizim üçün təkcə bir vəzifə deyil, həm də mənəvi borcdur".
Fariz Hüseynli bu sahədə dövlətin gördüyü işlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib:
“Son illərdə dövlətimiz tərəfindən bir çox abidələr bərpa olunub və onların ilkin görkəminə qaytarılması təmin edilib. Mədəniyyət Nazirliyi və onun nəzdində fəaliyyət göstərən qurumlar, o cümlədən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə çox fəal işləyir. Amma təkcə dövlətin addımları ilə kifayətlənmək olmaz. Hər bir vətəndaş bu prosesə qoşulmalı, mədəni irsin qorunmasına öz töhfəsini verməlidir. Bu gün Azərbaycan abidələri UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Bu, çox böyük nailiyyətdir. Amma biz bu siyahını genişləndirməliyik. Xüsusilə, digər qədim abidələrimizin də dünya səviyyəsində tanıdılması üçün daha çox iş görməliyik. Bunun üçün sərgilər, sənədli filmlər, beynəlxalq layihələr təşkil olunmalıdır. Biz tarixi yalnız kitablarla deyil, həm də bu irsi dünyaya göstərməklə yaşatmalıyıq".
Fariz Hüseynli mədəni irsin qorunmasının gələcək nəsillər üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:
“Bizim borcumuz yalnız bu irsi qoruyub saxlamaq deyil. Onu gələcək nəsillərə olduğu kimi, hətta daha yaxşı vəziyyətdə ötürməkdir. Bu bizim kökümüzə, tariximizə olan hörmətimizin göstəricisidir. Hər bir azərbaycanlı bilməlidir ki, bu irs bizim milli kimliyimizin güzgüsüdür",-deyə o, fikirlərini yekunlaşdırıb.
Asiya Zeynallı