Manipulyasiya üsulu, yoxsa marketinq strategiyası?
Bölmə: Sosial › ,Tarix: 23:24 27.11.2024
Bəzi mağazalarda məhsulun qiyməti yuvarlaq yox,1,5 və ya 10 qəpik az qeyd olunur. Məsələn 15 manat əvəzinə 14.99 və ya 100 manat əvəzinə 99.90 yazıldığını tez-tez görürük.
Bəs nəyə görə qiymətlər belə təyin olunur?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında marketoloq Marat Namazov bildirib ki, 19-cu əsrdə bu üsuldan kassirlərin oğurluq ehtimalının qarşısını almaq üçün istifadə edilib:
"Belə ki, qalıq qaytarmalı olan kassir mütləq şəkildə kassanı açmalı olub və bu formada pulu cibinə qoymamasına nəzarət edilib. Amma zamanla bu üsul marketinq strategiyasına çevrilib. Niyə 11 manat yox 10 manat 90 qəpik?
Çünkü insanlar psixoloji olaraq rəqəmləri oxuyanda soldan sağa oxuyurlar. Ona görə, məsələn, eyni məhsulu rəqib mağaza 11 manata siz isə 10 manat 90 qəpiyə satanda bu avtomatik olaraq alıcının rəğbətini qazanır. Və bunun digər bir psixoloji səbəbi odur ki, insanlar böyük rəqəmlərdən qorxurlar. Rəqəmlər nə qədər kiçilərsə bu da məhsul alışına daha çox təşviq edir".
Marketoloq onu da qeyd edib ki, bu strategiya əksərən uğurlu olsa da, mənfi tərəfləri də var:
"Əgər siz hansısa məhsulu 11 manat yox, 10 manat 90 qəpiyə qoyursunuzsa alıcı düşünür ki, burda məni manipulyasiya edirlər və prinsipial olaraq məhsulun alışından imtina edir. Amma bu böyük bir faiz deyil. Çünkü nəticə etibarilə 10 manat 90 qəpik daha çox qazandırır, nəinki 11 manat. Bu tək Azərbaycanda deyil, inkişaf etmiş bütün ölkələrdə bizim kimi bu rəqəmlərlə işləyir".
" Bu strategiyanın effektivliyi məhsula uyğun olaraq da dəyişir. Daha çox elektronika, geyim və ərzaq mağazalarında tətbiq edilir ki, burada alıcılar psixoloji olaraq məhsulu aşağı qiymətə aldıqlarını düşünür və endirim tələb etməkdən də çəkinirlər",- deyə o fikirlərini yekunlaşdırıb.
Mehriban Nəsibova