Ölkəmizdə fiziki və əqli məhdudiyyətli insanlara hansı dəstəklər olunur?-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 20:45 29.11.2024
Azərbaycanda yarım milyondan artıq fiziki məhdudiyyətli insan yaşayır. Cəmiyyətin və bu kimi şəxslərlə məşğul olan insanların da maariflənməsi və inkişafı zəruridir. Texnoloji imkanların inkişaf etməsi də buna yaxşı mənada təsir edir.
Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova “informator.az”a açıqlamasında bildirib ki, fiziki məhdudiyyətli şəxslər cəmiyyətin bir parçasıdır. Onlarla davranışda heç bir ayrı-seçkiliyə yol verilə bilməz:
“Digər ölkələrdən fərqli olaraq Azərbaycan cəmiyyəti bu cür şəxslərə daha həssas yanaşır. Bu onun göstəricisidir ki, uzun illərdir ölkədə əlilliyi olan, fiziki məhdudiyyətli şəxslərlə bağlı dövlət proqramları həyata keçirilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında 2006-cı ildən Azərbaycan BMT-nin konvesiyasına qoşulub. Proqram çərçivəsində onların inkişafı, reabilitasiyası üçün çox saylı işlər görülüb. Lakin cəmiyyətdə həmin şəxslərin daha çox inkişafı , sosiallaşması üçün digər tədbirlərin də görülməsi çox vacibdir. Fiziki məhdudiyyətli şəxsləri dövlət işlə də təmin edib, sosial vəziyyətlərinin yaxşılaşdırılması haqqında da dövlət xeyli işlər görüb. Məsələn, “İşsizin dostu” proqramı çərçivəsində minlərlə şəxs məşğulluğa cəlb olunub. Bu gün ölkədə əlilliyi olan şəxslərlə ,sağlam insanlarla işə qəbulunda, təhsilində, səhiyyə məsələlərində heç bir fərq qoyulmur”.
Sosioloqun sözlərinə görə, bəzi məqamlar var ki, sağlamlıq imkanları məhdud insanlara o aspektdən yanaşılsa, daha yaxşı olar:
“Onların arasında minlərlə sayda bağça yaşlı uşaqlar var. Onların digər uşaqlar kimi bağça istifadə məsələsi var. Buna aid təşkilatlar, özəl məktəblər var. Yüngül kateqoriyalı olan sağlamlıq imkanları məhdud olan uşaqlar özəl və dövlət bağçalarında da yerləşdirilə bilər. Nəticədə onlar sağlam uşaqlarla qalarsa, daha çox sosiallaşmış olarlar".
Kəmalə Vəliyeva