Şokolad - İnsanları xoşbəxt edən qidalardan biri
Bölmə: Sosial › ,Tarix: 21:17 29.11.2024
Qida məhsulları arasında şokolad istər uşaqların, istərsə də böyüklərin sevimlisinə çevrilmiş desertlərdən biridir.
Bəs şokoladdan istifadənin hansı faydaları və zərərləri var?
Bu barədə qida mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, şokolad faydalı qidalar sırasındadır və demək olar ki, şokoladın xammalını kakao təşkil edir:
“Kakao şokoladın tərkibində əsas maddə olmaqla yanaşı, eyni zamanda həm onun rəngində, həm də dadının formalaşmasında böyük rol oynayır. Şokoladın yumşaq olmasında daha çox kakao yağından istifadə olunur. Dadlandırıcı və xoşagəlimli olması üçün şəkərdən istifadə olunur ki, bu da şokolad qəbulunda diqqət edəcəyimiz əsas məqamlardan biridir. Bir çox hallarda bəzən süd, süd tozundan da əlavə edərək dadlandırıcı və yaxud fərqli çeşidlərdə şokoladdan hazırlanır ki, bu zaman onun həm kalori dəyəri artır, həm də tərkibində dəyişiklik olur. Tərkibindəki kofeinə görə düzgün miqdarda istifadə olunarsa, insan orqanizminə enerji verir, mərkəzi beyin sisteminin daha yaxşı işləməsinə kömək olur, sinir sistemi üzərində müsbət təsirləri var ki, ona görə də, istifadə edərkən günün birinci yarısında istifadə olunması gün ərzində enerjili olmağa kömək edə bilir. Eyni zamanda antioksidant təsiri də var ki, bu da orqanizmdə sərbəst radikallarla mübarizədə önəmli rol oynayır. Şokoladın tərkibində bir çox maddələr var ki, bunlar qan təzyiqinin aşağı olmasında, damar daralmasının qarşısının alınmasında, eyni zamanda ürək xəstəlikləri riskinin azalmasında kömək olur”.
Mütəxəssisinin sözlərinə görə, şokoladın tərkibində olan serotin və endofin maddələrinə görə, şokolad əhvali-ruhiyyənin yaxşı olmasına kömək olur:
“Buna görə də şokolad insanları xoşbəxt edən qidalar sırasında sayılır. Şokoladın dəri sağlamlığında da, böyük rolu var ki, bu da onun tərkibindəki maddələrə, eyni zamanda iltihab əleyhinə olduğuna və antioksidant maddələr olduğuna görə, dəri sağlamlığında, səpkilərin azalmasında böyük rol oynayır və faydalıdır. Lakin diqqət edəcəyimiz əsas məqam, əgər keyfiyyətsiz şokoladdırsa, tərkibində istehsal zamanı ucuz, keyfiyyətsiz yağlardan istifadə olunubsa, bu ürək-damar xəstəliyinə səbəb ola bilər. Tərkibində şəkər istifadə olunduğuna görə, əgər artıq qəbul olunarsa artıq çəki almağa gətirib çıxara bilər. Tərkibində kofein olduğuna görə isə, artıq miqdarda qəbul olunarsa yuxusuzluğa yaxud iştahanın pozulmasına gətirib çıxara bilər. Bir çox hallarda tərkibində istifadə olunan çərəzlər, süd yaxud əlavə dadlandırıcı olaraq istifadə olunan digər inqridientlər kalori olmaqla yanaşı, insulin balansının pozulmasına gətirə bilər ki, buna diqqət etmək lazımdır".
" Yaxşı olar ki, şokoladdan istifadə edərkən keyfiyyətli məhsula, istehsalçı şirkət haqqında ətraflı məlumatların olmasına, tərkibi ilə bağlı məhsulun üzərində məlumatların tam yazılmasına diqqət edilsin. Digər bir məqam isə, paket açıldıqdan sonra tez müddətdə istifadə olunub qurtarmalıdır, çünki oksigenlə təmasa girdikdə bir çox qida məhsulları var ki, onların tərkibi dəyişməyə məruz qalır”,- deyə o fikirlərini yekunlaşdırıb.
Nərmin Həşimova