Nədən danışırıqsa, internetdə reklamı görünür- telefonlar dinlənilir?
Bölmə: Sosial › ,Tarix: 21:30 03.12.2024
Telefon yanımızda olarkən danışdığımız mövzuya uyğun reklamlar təklif edilir. Bəzən ətrafımızda nədən danışırıqsa telefonda onun reklamını görürük.
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında rəqəmsal marketinq üzrə ekspert Anar Rüstəmli bildirib ki, gün ərzində yüzlərlə reklam görürük. İstər yolda, supermarketlərdə əsasən də smartfonlarımızda daha çox rast gəlirik:
"Biz bu reklamların əksəriyyətinə diqqət etmirik. Bəs facebook və google bizi dinləmirsə necə olur ki, haqqında danışdığımız məhsul yaxud da xidmətin reklamını görürük? Nümunə olaraq desək, tutaq ki, şəxs maşın almaq istəyir və bir müddətdir ki, sosial media platformalarında, iş yerində müəyyən şəbəkəyə qoşulmuş komputerində artıq maşınla bağlı kontentlərə baxmağa və araşdırmalar etməyə başlayır. Və şəxsin ortaq internet şəbəkəsinə ortaq məlumatlar ötürülür".
Ekspertin sözlərinə görə, ortaq şəbəkə məlumatları bizim ortaq dəyərimizi, əlaqəmizi ifadə edir:
"Eyni zamanda dost, yaxın, eyni kategoriyadan insanlar olduğumuz üçün bizim dostumuz və ya ətrafımızda tanıdığımız bir insanın maraq dairələrinə uyğun reklam görməyimiz çox normaldır. Siz əslində haqqında danışdığınız məhsulun va yaxud xidmətin reklamını danışmamışdan əvvəl görməyə başlayırsınız. Sadəcə gün ərzində yüzlərlə reklam gördüyümüz üçün bu reklamlara diqqət etmirik. Haqqında danışdıqdan sonra bizim şüuraltımızda bu reklamla bağlı bir məna formalaşır və artıq gördüyümüz reklamlara diqqət etməyə başlayırıq".
Mehriban Nəsibova