Klassik meyxana ilə müasir meyxana arasındakı fərq-Ay meyxana, vay meyxana...

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:13 06.12.2024

"Klassik meyxana ilə müasir meyxana arasındakı fərq düşünürəm ki, çox önəmli mövzudur". 

 

 Klassik meyxana ilə müasir meyxana arasındakı fərq barəsində AYB üzvü ,şair, ədəbi tənqidçi Gündüz Sevindik "informator.az"-a açıqlamasında danışıb

 

Ay meyxana, vay meyxana...

 

" Əziz şeirsevər, ədəbiyyat aşiqi olan gənc dostum, bir az yaxına otur, bu dəfə də səninlə bir az ədəbiyyatdan, daha dəqiqi, meyxanadan və bügünkü meyxananın cəmiyyətə, xüsusən siz gənclərə nələri aşıladığından danışaq. 

 

    Meyxana…

Meyxananın folklor və ya şifahi xalq ədəbiyyatının bir nümunəsi olmasını təsdiq edən nə ədəbi nəzəriyyələrdə, nə ədəbiyyat müntəxabatlarında, nə də zamanımızın parametrlərinə uyğun olan sosial şəbəkə resurslarında heç bir mənbə, heç bir məlumat yoxdur. Amma bütün bunlara baxmayaraq, meyxana dünən də olub, bu gün də var və böyük ehtimal ki, sabah da mövcud olacaq. Amma necə?

 

   Dayanmadan meyxana söyləmək üçün ayrıca istedad tələb olunur, bu şübhəsizdir. Meyxana deyən şəxs (meyxanaçı) fitri istedada – saatlarla şeir deyə bilmək bacarığına, kifayət qədər söz ehtiyatına, geniş dünyagörüşə, avazlı şeir oxuma qabiliyyətinə, şeiriyyətin incəliklərinə, eyni zamanda bir çox elmlərə bələd olmaqla yanaşı, həmçinin hədsiz hazırcavab olmalıdır. Dövrümüzdə belə meyxanaçılar olub və hazırda da olmaqdadır. Amma təəssüflər olsun ki, bu qəbildən olan peşəkar meyxanaçıların sayı nəinki azdır, hətta onlar barmaqla göstərilə biləcək qədərdir. Bütün hallarda biz bu gün hətta ən yaxşı, ən mükəmməl bir meyxana nümunəsini Avropaya və dünyaya təqdim edib deyə bilmərik ki, "baxın, dinləyin – bu Azərbaycan ədəbiyyatıdır, burada eşitdiyiniz eybəcər musiqlər də Azərbaycan musiqisidir…"

 

   Gəl, bir anlıq indiki meyxana məclislərinə, meyxana deyişmələrinin getdiyi toyxanaların ümumi mənzərəsinə baxaq. Elə bir təsəvvür yaranıb ki, meyxana deyənin mütləq əlində siqaret olmalıdır, ətraf qatı tüstü-dumana bələnməlidir, meyxanaçı kriminal aləmə bələd olmalıdır və onu təbliğ eləməlidir, öz meyxanasında zərərli vərdişləri hətta üstün cəhət kimi qabartmalıdır, dediyi meyxanada da geninə-boluna yarı rus, yarı Azərbaycan, yarı türk sözlərindən istifadə etməlidir və nəyin bahasına olursa-olsun qarşısındakı digər meyxanaçıya qalib gəlməlidir. Üzdə saqqal da, öz yerində… 

Ətrafda dinləyici qismində iştirak edən saysız-hesabsız dinləyicilər (böyük əksəriyyəti gənclər) qan-tərin içində, qışqıra-qışqıra bu meyxanaçıların meyxana demək qabiliyyətini alqışlamalıdır. Məclisdən çıxaraq öz gündəlik həyatlarına, işlərinə davam edən bu gənclərin mütləq məqsədli şəkildə “qabağı qaldırılımış” ağ rəngli “VAZ21-07” markalı avtomobilləri olmalıdır və bu maşınların radio-maqnitafonlarından daim meyxana deyənlərin xumar, xırıltılı səsləri gəlməlidir, özü də ən yüksək səslə…

 

Dəfələrlə müşahidə eləmişəm, daim meyxanaya qulaq asan adamlar cəmiyyətdə ünsiyyətdə olduqları hər kəsə də “qaqaş, brat, bro, duruq, bratan” kimi ifadələrlə müraciət edirlər. Ən çox işlətdikləri sözləri isə adətən bu qəbildən olan sözlər olur: “tema, palajeniya, kruq, atveçat, razborka, borzu, zakon, abşak, jizn, ne prav, priçeniya, askarbit, çest, padlo, panyatka, teretoriya” və s. Ən yaxşı halda isə “oğru yolu”, yaxud da ki, “yaxçı oğlan”… 

 

Əldə təsbeh, cibdə bıçaq, ya da beşbarmaq… Bax, budur müasir meyxananın dili, üslubu, danışıq tərzi… 

 

Deməli belə gənclər bugünkü meyxanalardan yalnız bunları öyrəniblər, özləri üçün bunları əxz edə biliblər. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, meyxana bizim cəmiyyətə, xüsusən də bizim gənclərə yaxşı adına hələ ki, heç nə öyrədə bilməyib. Ən əsası, meyxananın ən ağır zərbəsi bu gün gənclərə dəyir, özü də amansızcasına".

 

   Meyxana, kütlə və ciddi sənət!

 

  "Televiziya kanallarının efirlərində bəzən incəsənətdə, xüsusən musiqidə elə bayağı səhnələrlə rastlaşırsan ki, adamın deməyə belə sözü qalmır. Məsələnin ən ciddi tərəfi isə budur ki, belə şit, bayağı musiqilərin və özlərini musiqiçi adlandıran bu şəxslərin kifayət qədər dinləyiciləri və pərəstişkarları olur. Zaman-zaman bu tip musiqilər də çox sayda dinlənilərək müasir dillə desək, "brendə dönür", təxminən etalona, bir nümunəyə çevrilməyə başlayır. Beləliklə, ekran qarşısında onları dinləyən hər kəsin, xüsusən gənclərin ədəbi zövqü, musiqi zövqü tamam korlanır. Və nəticədə yazıçı Aşqin Yeniseyin təbirincə desək, "subkultura meyarına məxsus olan sənət növləri baş alıb gedir və əsl sənət qalır bir kənarda".

 

Subkultura nədir? (Mədəniyyətin alt qatı) Subkultura qeyri-ciddi, yalnız müəyyən zümərədən olan dinləyicilərin çox dinlənlədiyi, sənət meyarına çevrilən, əslində aşağı təbəqədən olan incəsənət növüdür. Meyxana bizim incəsənətin subkultura qütbüdür. Bunun da səbəbləri var. Ən əsas səbəb televiziya kanallarında ciddi sənətin, ciddi musiqi nümunələrinin kifayət qədər az təbliğ olunmasıdır. Belə olan halda subkultura statusu daşıyan bayağı, insana heç nə öyrədə bilməyən incəsənət növləri bir növ aktivləşərək önə çıxır. 

 

   Bir həqiqət var – ciddi sənət, ciddi poeziya, ciddi musiqi heç vaxt kütlə üçün deyil. Kütlə- ümumi toplumu ifadə edən anlayışdır. Kütlənin Füzulinin bir qəzəlini anlamaması bəlkə də çox normaldır. Çünkü Füzulini dərk etmək üçün gərək düşünəsən, ədəbiyyat sevdalısı olasan, ən azından klassik şeir haqqında anlayışlı olasan. 

Adi bir misal: toyxanada masabəyinin Füzulidən, Nəsimidən dediyi bir qəzəl həmin məclisdə hardasa birmənalı da qarşılanmaz. Hətta onu qınayanlar da tapılar ki, “oynayıb-şənləndiyimiz, yeyib-içdiyimiz yerdə bu nə idi?" Amma həmin toyda “kefi kök olan” bir nəfərin sifarişi ilə masabəyinin söylədiyi bəsit, zəif bir “Ana” şeirini bütün toyxana ayaq üstə alqışlayır. Bax, kütlə anlayışı budur!

 

 Meyxana da həmçinin. Meyxana ümumi kütlənin zövqünü oxşayan, ciddi sənətlə əlaqəsi olmayan, bir sözlə mədəniyyətin alt qatında dayanan nədirsə, adını sən özün qoy. Bu gün “YouTube” platformasında dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin adını yazaraq onun əsərlərini axtarışa verəndə təəssüf ki, ilk çıxan ad Üzeyir Mehdizadənin adı olur. Bax, indi belə bir cəmiyyətdə yaşayırıq. Bu isə bizim incəsənətimizin, bizim dinləmə mədəniyyətimizin qırımızı işığının birbaşa yanması deməkdir, gənc dostum…"

 

  " Qayıdaq XX əsrin əvvəllərinə, yəni həmin dövrdə Bakı-Şirvan əruz ədəbi mühitində yaşayıb- yaradan şairlərin ədəbiyyatdakı mövqelərinə, ədəbi sanballarına. Buna ən bariz nümunə şair Əliağa Vahiddir. Xalq artisti, mərhum aktyorumuz Şahmar Ələkbərovun rejissoru olduğu, Vahidin həyatından bəhs edən “Qəzəlxan” filminə hamımız baxmışıq. Olduqca dəyərli filmdir. Filmdə Vahidin meyxana dediyi səhnələr var (Əliağa Vahid obrazını Əməkdar artist Loğman Kərimov canlandırıb). İndi həmin meyxanadan iki bənd nümunə göstərəcəyəm, bu meyxana ilə indiki meyxanaların fərqini dərhal görəcəksən:

 

"Olur ahu göbəyində müşk(i)-ənbərin özü,

Çün zərin qədrini qiymətdə bilər zərgər özü.

Badəni çünki haram söylədi peyğəmbər özü,

Edən aləmdə şüar oldu bizim şairimiz – 

Niyə xəlvətcə kənar oldu bizim şairimiz?!"

 

   İlk olaraq qeyd edim ki, bu meyxana nümunəsi əruz vəzninin rəməl bəhrində, rəməl bəhrinin 6-cı növündə, dördbölümlü açıq, incə rəməldə yazılıb (deyilib). Təfiləsi də belədir: "fəilAtün failAtün fəilAtün fəilün". Bu, eyni zamanda Vahid kimi qüdrətli bir sənətkarın meyxana deyərkən belə əruzun ölçülərini, bəhri və təfilələri qoruyub saxladığının göstəricisidir. Amma təəssüf ki, müasir meyxanaçıların arasında əruz vəzninə riayət edən nadir meyxanaçılara rast gəlirik. Bənddə şair hikmətli, ibrətamiz fikirlər deməklə yanaşı, eyni zamanda badənin, meyin haram olduğunun peyğəmbərimizin də söylədiyini, həmçinin peyğəmbərin bu fikrini şairlərin şüar olaraq xalqa, dinləyicilərə çatdırdığını bəyan edir. Amma indiki meyxanalardan bircə misra, tək bircə misra deyəcəyəm sənə: 

 

“Çək nəşəni, qoy tüstüsü dağlara yayılsın”

 

 Fərqə, səviyyəyə bax və qiyməti özün ver, gənc dostum!

 İndiki meyxanalarda belə misraların sayı təəssüflər olsun ki, minlərlədir, bəlkə də milyonlarladır. Vahidin dediyi meyxananın sonuncu bəndinə diqqət:

 

"Mən də söz aləminin gövhəri-karxanəsiyəm,

Ki, Füzuli sözünün zərrəsiyəm, danəsiyəm.

Vahidəm, Azər(i)baycanım üçün yanəsiyəm,

Vətən eşqində şərar oldu bizim şairimiz – 

Niyə xəlvətcə kənar oldu bizim şairimiz?!"

 

   Burada Əliağa Vahid təvazökarlıq edərək özünü ustadlar ustadı Füzuli sözünün bir zərrəsi, "danəsi" (bir dənəsi) adlandırır. Eyni zamanda bu bənddə bir incə məqam da var. O vaxtlar, repressiya qılıncının ardı da, arxası da kəsdiyi bir zamanda şeirdə Vətən, Azərbaycan sözünü işlədən şair ən azı uzaq, şaxtalı Sibiri gözünün qarşısına gətirməli idi. Vahid isə heç bir qadağalara, təzyiqlərə baxmayaraq öz şeirlərində, öz meyxanalarında əsl azərbaycanlı mövqeyini sərgiləyirdi… 

Bütün bunlarla yanaşı, Vahid özü də yaxşı bilirdi ki, təkcə meyxana deməklə ədəbiyyatda dərin izlər buraxmaq, ədəbiyyatın yadında qalmaq, nəhayət, “əsrin qəzəlxanı” olmaq mümkün deyil. Təsadüfi deyil ki, könülünü, ruhunu, bir sözlə, bütün həyatını qəzəl janrına fəda edən Vahid “meyxana deyən Vahid” kimi yox, Xalq şairi, qəzəlxan Əliağa Vahid kimi bütün xalqın dərin məhəbbətini qazandı".

 

"Bunları deməkdə məqsədim odur ki, müasir meyxanaçılar üçün Vahid kimi böyük məktəb, böyük bir irs var. Vahiddən sonra isə bu irsi uğurla davam etdirən Ağasəlim Çildağın, Nizami Rəmzinin də rolu danılmazdır. Bir halda ki, istinad yeri, irs və məktəb var bəs o zaman indiki meyxanaçıların meyxana yaradıcılıqları, dedikləri meyxanalar niyə bu qədər bəsit, vulqar, təhqiramiz ifadələrlə dolu və ən əsası kriminal yönümlüdür? Bax, bu suala cavab tapmaq çətindir…"

 

Şairin sözlərinə görə, meyxananı bu bataqlıqdan çıxarmaq üçün peşəkar sənətkarların çiyninə böyük yük düşür.

 

 Bəs görəsən bunun həlli yolları nələrdir?

Nə etmək lazımdır ki, meyxana hazırda düşdüyü bu bataqlıqdan çıxa bilsin, daha doğru-düzgün istiqamətdə inkişaf etsin? 

 

 

"Məncə burada daha peşəkar, meyxana aləminin qəbul etdiyi ciddi imza sahiblərinin çiyninə böyük yük düşür. Sözün qədrini bilməyən, reytinq xətrinə öz meyxanasında ağlına gələnı “danışan”, vulqarlığa yol verən, qarşısındakı insanı ən ağır ifadələrlə təhqir edən, cəmiyyətimizi, əsas da bizim gəncliyimizi “zəhərləyən” bəzi meyxanaçılarla maarifləndirici söhbətlər aparmaq, bu tip meyxana deyənlərə doğru-düzgün istiqamətlər vermək, onları ən azından müqəddəs söz sənətinə hörmətlə yanaşmağı tövsiyyə etmək məncə öz müsbət nəticəsini verə bilər. 

 

   Bu gün bizə, bizim cəmiyyətə meyxana lazımdırmı? – sualı da doğru olmazdı. Qeyd etdiyim kimi, meyxana demək üçün istedad tələb olunur. İstedad olan yerdə isə “qətiyyən olmaz”, “xeyir, lazım deyil” kimi ifadələr keçərsizdir. O zaman meyxananın bundan sonrakı taleyini elə sizin öz insafınıza buraxırıq, əziz meyxanaçılar! 

 

 "Sənsə öz zövqünü həmişə qoru, gənc dostum. Onu lazımsız, gərəksiz, səni öyrədə bilməyən heç nə ilə boş-boşuna korlama. Yeri gəlmişkən, meyxanadan danışarkən gör nə qədər “təəssüf” sözü işlətdik…" -deyə şair fikirlərini yekunlaşdırıb.

 

Nigar Həsənzadə