Yüksək texnologiyalar və dini inanclar: Əxlaq və süni intellektin kəsişməsi

Bölmə: Sosial › ,
Tarix: 21:14 15.01.2025

 

Yüksək texnologiyalar və dini inanclar arasındakı əlaqə müasir cəmiyyətdə hər zaman diqqət mərkəzində olub. Bu əlaqə, süni intellektin inkişafı ilə daha da aktuallaşıb.

 

Mövzu ilə bağlı texnologiya mütəxəssisi Fərhad Mirəliyev “informator.az”a açıqlamasında bildirib ki, süni zəkanın etik davranış modeli hazırlanaraq sistemə inteqrasiya edilib:

 

“Bununla yanaşı, kriminal məqsədlər üçün süni zəkanın istifadəsi də müəyyən hallarda müşahidə olunub. İlkin dövrlərdə süni zəkanın bədxah şəxslər tərəfindən zərərli məqsədlər üçün istifadəsinə şahid olduq. Lakin sonradan etik davranış kodeksi hazırlandı və bu, süni zəkanın yaradıcıları tərəfindən sistemə tətbiq edildi. Buna baxmayaraq, bəzi qeyri-rəsmi mənbələrdən süni zəkanın istifadəsi davam edir” – deyə mütəxəssis bildirib.

 

O, həmçinin qeyd edib ki, OpenAI kimi şirkətlər təhlükəli məqamlar, məsələn, silah istehsalı və ya müharibə məqsədli tətbiqlər üçün süni zəkanın istifadəsini aşkar edərək bloklamağa çalışır. Lakin bu, tamamilə qarşısıalınmaz deyil.

 

Süni zəkanın etik davranışı

Fərhad Mirəliyevin sözlərinə görə, süni zəka hazırlanarkən insanların diskriminasiyaya məruz qalmaması üçün ciddi tədbirlər görülüb: “Süni zəka irqi, cinsi, milli və dini ayrı-seçkiliyə yol verməmək prinsipləri əsasında dizayn edilib. Sistem heç bir halda istifadəçilərə hər hansı dini, milli və ya digər istiqamətdə üstünlük vermir”.

 

Mütəxəssis həmçinin vurğulayıb ki, dünyada bəzi dini icmalar texnologiyalardan tamamilə imtina edir:

 

 “Bəzi dini cərəyanlar texnologiyalardan istifadənin zərərli olduğuna inanır. Məsələn, Himalay və ya Küveyt kimi yerlərdə belə qruplar var. Bu, onların şəxsi seçimidir. Süni zəka isə bu məsələlərə neytral yanaşır və heç bir halda qarşıdurma mövqeyi tutmur”.

 

Texnologiya və dinin harmoniyası

Süni intellektin əxlaqi dəyərlərə inteqrasiyası barədə danışan mütəxəssis bildirib ki, etik davranış qaydaları insanların mövcud sosial qaydalarına əsaslanır: 

 

“Texnologiyaya nəzakətli davranış, mədəniyyətlərə hörmət və seçimlərə tolerant yanaşma prinsipləri tətbiq edilib. Diskriminasiya və ayrı-seçkilik tamamilə yolverilməzdir. Bu yanaşma bütün mədəniyyətlər və inanclara qarşı universal səviyyədə qorunur”.

 

Fərhad Mirəliyev əlavə edib ki, texnologiya tərəfdən əsas məsələ dinlərin öz daxili qaydaları ilə uyğunlaşa bilməkdir:

 

 “Dini cərəyanların qaydaları texnologiya ilə uzlaşa bilmədikdə, bu, daha çox həmin qaydaların tənzimlənməsinə bağlıdır. Süni intellekt bu məsələlərdə universal və neytral yanaşma sərgiləyir”.

 

Beləliklə, süni intellektin etik prinsiplərə uyğun inkişafı və texnologiya ilə dinin harmoniyası, müasir cəmiyyət üçün əhəmiyyətli mövzular olaraq qalmaqdadır.

 

Aydan Quliyeva