Dünyaya Azərbaycan ədəbiyyatının çatdırılmasında tərcümələrin əhəmiyyəti

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:44 15.01.2025

Tərcümə ədəbiyyatı mədəniyyətlərin qarşılıqlı anlaşılması və milli dəyərlərin dünyaya çatdırılması üçün önəmli bir vasitədir. Azərbaycan ədəbiyyatının zənginliyinin və dərinliyinin beynəlxalq səviyyədə tanınması və təbliği məhz peşəkar tərcüməçilərin əməyi ilə mümkün olur

 

Bəs Dünyada Azərbaycan ədəbiyyatına olan marağı artırmaq üçün hansı tədbirlər həyata keçirilə bilər?

 

Məsələ ilə bağlı şair, yazıçı Zahid Xəlil “İnformator.az”a açıqlamasında bildirib ki, peşəkar tərcüməçilər yetişdirmək hər bir xalqın mədəniyyət göstəricisidir:

 

"Əgər biz dünyaya göstərə bilsək ki, mənəvi sərvətimizin yaranmasının tarixi min ilə yaxındır, həm də bu sərvət çox dəyərlidir, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi dünya ədəbiyyatının müəllimləridir -onda xalqın dəyərinin sübut etmiş oluruq. Buna görə də, tərcümənin əhəmiyyəti haqqında uzun uzadı bəhs etməyə ehtiyac qalmır. Yaxşı tərcüməçilər yetişdirə biləndən sonra istedadla yazılmış əsərlər də buraxa biləcəyik".

 

Yazıçının sözlərinə görə, peşəkar tərcüməçi yetişdirmək, Elm və Təhsil nazirliyini düşündürən problemlərdən biri olmalıdır: 

 

"Xarici dil öyrədən Ali məktəblərimizdə şöbələr açılmalıdır. Belə şöbələr var. Amma onlar bədii ədəbiyyat tərcüməçiləri hazırlamır, sadəcə həmin xalqın dilini öyrədir. Bizə isə bədii tərcüməçilər lazımdır. Ora bədii əsəri duyan yaradıcı gənclər cəlb olunmalıdır. Doğrusu bu, çox mürəkkəb prosesdir. Uşaq bilməlidir ki, bədii tərcümə fakültəsini bitirdikdən sonra harda işləyəcək. Bunu bilməsək, o cür fakültələr aça bilmərik. Deməli əvvəlcə onlar üçün olan boş yerlər barədə düşünməliyik. Dünyada yayıb pul qazana biləcək mətbuat orqanları, nəşriyyatlar yaratmalıyıq.

Yaxşı tərcüməçilər yetişdirə biləndən sonra istedadla yazılmış əsərlər buraxa bilərik. Məncə bu gün orta və ali məktəblərin böyük bir şəbəkəsi ingilis dilindədir. Onların da həmin dildə nəşr olunmuş kitablara ehtiyacı var. Sadəcə yeni tipli kitablar yazılıb ingilis dilinə çevrilməlidir".

 

Aytac Mustafayeva